Məhkəmə qərarları › İş №3(125)-679/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-679/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-679/2023 14.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X2, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X1, zərərçəkmiş şəxs Abbasova (Mehdiyeva) Aytən Nizami qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İcra məmuru inzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd etmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü, orta təhsilli, evli, məhkumluğu olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-5431/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 29 oktyabr 2018-ci il tarixdən başlayaraq 20 may 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Abbasova (Mehdiyeva) Aytən Nizami qızının xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfimizdən borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bu günkü tarixədək yaranmış 4820 manat aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında icra məmuru Nazim Məmmədov inzibati protokolu müdafiə edərək bildirdi ki, inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı müddətdə Şəxs borcundan 450 və 500 manat olmaqla cəmi 950 manat ödəniş etmiş, qalan 3870 manat borcu da hissə-hissə ödəyəcəyinə söz vermişdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, məhkəmədə işə baxıldğı müddətdə o, 450 və 500 manat olmaqla cəmi 950 manat ödəniş etmişdir. İş tapanadək növbəti aydan başlayaraq hər ay 200 manat, daha sonra işlədikdə hər ay 300 manat hissə-hissə ödəniş etməklə borcunu tam bağlayacaqdır. O, uzun müddətdir işləmədiyi üçün alimenti ödəyə bilməmiş, borcu yaranmışdır, hazırda ödədiyi 950 manat pulu ödməsinə də dostları köməklik etmişdir. Sonda o, məhkəmə qərarına hörmətlə yanaşdığını, icradan yayınmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs borcdan 950 manat ödəniş edildiyini, qalan ödənilməmiş 3870 manat borcun ödənilməsini tələb etdiyini bildirmiş, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının İXM-nin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 5431/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Çünki borclu işəlmədiyi üçün maddi gəliri olmadığından alimenti ödəyə bilməmiş, hazırda borcundan cəmi 950 manat ödəniş etmiş, qalan 3870 manat borcu da hər ay 200 manat, işlədikdən sonra isə 300 manat olmaqla hissə-hissə ödəyəcəyinə dair söz vermisdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 30 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar