Məhkəmə qərarları › İş №3(125)-680/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-680/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-680/2023 30.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, təqaüdçü, İİ qrup əlil, Gəncə şəhəri, Atatürk prospekti 212 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Depo qəsəbəsi, 10-cu küçədə yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X2 məxsus evin həyətindən dəmir boru və armaturu oğurlamaqla 70 manat məbləğində, Şəxs xx.xx.2023xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan X1 məxsus ünvan 5nvanında yerləşən fərdi yaşayış evindən 1 ədəd köhnə istehsal televizoru oğurlamaqla 70-80 manat məbləğində, Şəxs 24-xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 28-ci küçədə yaşayan X4 məxsus “VAZ 2106” markalı, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobolin içərisindən 1 ədəd “Pİoneer” markalı maqintafonu oğurlayaraq 60-70 manat məbləğində ziyan vurmaqla, xırda talama əməllərini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023cü il tarixli MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X5 çıxış edərək bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından tərtib edilmiş materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xətaları törətməsini səmimi etiraf edərək, bildirdi ki, onun barəsində tərtib edilmiş protokollarda göstərilən əməlləri o, maddi ehtiyacı olduğu üçün törətmişdir. Törətdiyi əməllərə görə çox peşmandır və maddi imkanı olmadığı üçün zərəri ödəməsi mümkün deyildir. Həmçinin o, 2-ci qrup əlildir. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısının 30 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, X2 məxsus dəyəri 70 manat olan dəmir boru və armaturun oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısının 23 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, X1 məxsus dəyəri 70-80 manat olan köhnə istehsal televizorun oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısının 30 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, X4 məxsus dəyəri 60-70 manat olan “Pioneer” markalı maqintafonun oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs 2-ci qrup əlildir və ona 220 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4-cü maddəsinə əsasən ictimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 28.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə; 28.4.2. hamilə qadınlara; 28.4.3. himayəsində üç yaşınadək uşağı olan qadınlara; 28.4.4. üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə; 28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə; 28.4.6. hərbi qulluqçulara. Həmin Məcəllənin 30.2-ci maddəsində qeyd olunur ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, 2-ci qrup əlil olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN 4JKKESS) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar