Məhkəmə qərarları › İş №3(125)-681/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-681/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-681/2024 12.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci, 206-cı, 332.2-ci, 342.2.3-cü və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsinin İTB-nin polis sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci, 206-cı, 332.2-ci, 342.2.3-cü və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs VAZ 2106 markalı avtomobilini arxa və ön dövlət qeydiyyat nömrə nişanı olmadan idarə etdiyi üçün Gəncə şəhər BPİ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Şəxs narkotik vasitədən istifadə etməsindən şübhələndikləri üçün onu narkoloji dispanserə aparmışlar və orada ondan götürülmüş sidik analizində narkotik maddə aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci, 206-cı, 332.2-ci, 342.2.3-cü və 342.7-ci maddələri ilə nəzərdə tutulan inizbati xətaları törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs VAZ 2106 markalı avtomobilini arxa və ön dövlət qeydiyyat nömrə nişanı olmadan idarə etdiyi üçün Gəncə şəhər BPİ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Şəxs narkotik vasitədən istifadə etməsindən şübhələndikləri üçün onu narkoloji dispanserə aparmışlar və orada ondan götürülmüş sidik analizində narkotik maddə aşkar edilmişdir.Toplanmış materialda Şəxs əməlində cinayət tərkibi əlamətləri aşkar edilmədiyindən həmin fakta dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, inzibati protokol tərtib edilməsi üçün polis şöbəsinə göndərilmişdir. Bununla da Şəxs İXM-in 334-1.1-ci, 206-cı, 332.2-ci, 342.2.3-cü və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərini qismən etiraf edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə avtomobiliin texniki baxış müddəti başa çatdığı üçün DİN-nin BDYİ-nin Gəncə RQİTBM-yə getmiş, həmin vaxtı avtomobilinin dövlət qeydiyyatı nişanını söküb avtomobili idarə etmiş, əlavə olaraq avtomobilinin arxa yayları kəsildiyi üçün konstruksiya dəyişikliyi olmuş, avtomobili konstruksiya dəyişikliyi ilə idarə etmiş, Gəncə şəhər 5 yol deyilən ərazidən keçib Azərbaycan bayrağı küçəsinə istiqamətdə hərəkət edən zaman YPX avtomobilinin arxası ilə gəldiyini görmüş və avtomobili DYPŞ-nin həyətinə daxil etmiş, həmin vaxtı 2 nəfər DİNnin Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edib yol hərəkəti qaydası pozuntusuna yol verdiyi üçün irad bildirərək ondan sənədləri təqdim etməyi xahiş etmişdir. Onun sürücülük vəsiqəsi olmadığı üçün sənədinin olmadığını demiş, bundan sonra polis əməkdaşları onu Gəncə şəhər Narkoloji Dispanserə dəvət etmişlər. xx.xx.2024-cü il tarixində Gəncə şəhər Rayonlarası Narkoloji Dispanserdən müayinədən keçmiş, müayinədən keçdikdən sonra sidik nümunəsində THC (marixuana) aşkar edilmişdir. Sonda o, əməlindən çox peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş - 12 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan məlum olur ki, cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 334-1.1-ci, 206-cı, 332.2-ci, 342.2.3-cü və 342.7-ci maddələrinin tərkibi olduğundan inzibati icrat açılması üçün qərar Gəncə şəhəri 1-ci PŞnin İTB-ə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 12 fevral 2024-cü il tarixli 207 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub Narkomaniya xəstəliyindən əzab çəkmir Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə nəticəsində Şəxs sidiyində “THC” (marixuana) aşkar edilmişdir. - İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci, 206-cı, 332.2ci, 342.2.3-cü və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İXM-nin 332.2-ci, 342.2.3cü və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci, 206-cı, maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-in 334-1.1, 206-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün qismən etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir və onun törətdiyi əməllər həmin maddələrlə düzgün tövsif olunmuşdur. Buna görə də Şəxs İXM-in 334-1.1, 206-ci maddələri ilə təqsirli bilinib tənbeh olunmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 334-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in dörd müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci, 206-cı, maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci, 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar