Məhkəmə qərarları › İş №3(125)-683/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-683/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-683/2023 20.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 19 avqsut 1948-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri Fizuli küçəsi, 2-ci döngə, ev 19-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Abbas Səhhət küçəsində qabaqcadan tanımadığı şəxslərlə qumar oynamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi X4 izahatında bildirdi ki, post patrul əmkdaşları 10 qəpik çay pulundan qumar oynayan 3 nəfəri saxlayaraq şöbəyə gətirmişlər. Qumar oynadıqlarına görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi protokol tərtib edilmişdir. Humanist qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, il tarixdə xx.xx.2023-cü Abbas Səhhət küçəsində yerləşən çayxanaya çay içmək üçün gəlmişdir. Tanımadığı digər şəxslərlə bir stolda əyləşmişdir. Əyləşdikdən sonra stolun üstündə 40 qəpik pul görmüşdür. Həmin pulun çay üçün veriləcək pul olduğunu zənn etmişdir. 83 yaşında olmasını, oyun oynayarkən heç bir maddi marağının olmamasını nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Abbas Səhhət küçəsində yerləşən çayxanada qumar oynaması müəyyən edilərək, 2-ci Polis Şöbəsinə aparılmışlar. Həmin vaxt inzibati xətanın predmeti protokol tərtib edilərək götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, müsadirə edilmiş inzibati xətanın predmetinə baxış keçirərək məhkəmə müəyyən etmişdir ki, 40 qəpik pul inzibati xətanın predmeti hesab edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, müsadirə edilmiş pul məbləği barəsində icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi nəticəsində gəlmək üçün kifayət etmir. Götürülmüş predmetə baxış zamanı qumar oyununun oynanılmasını təsdiq edən hər hansı oyun aləti (kart, domino, zər və s.) aşkar edilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu iş materialları ilə tam təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinin tələblərinə görə inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xətanın predmeti olan 40 qəpik pul vəsaitinin Gəncə Şəhər Məhkəməsinin icraatında olan 3(125)-684/2023 nömrəli iş üzrə inzibati xətanın predmeti qismində iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar