Məhkəmə qərarları › İş №3(125)-684/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-684/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-684/2023 19.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, 07 yanvar 1961-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Abbas Səhhət küçəsində xx.xx.2023-cü il tarixdə qabaqcadan tanımadığı şəxslərlə qumar oynamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Abbas Səhhət küçəsində yerləşən çayxanaya çay içmək üçün gəlmiş, orada tanımadığı iki nəfər şəxslə bir stolda əyləşmiş və onlarla birlikdə çay içmişlər. Bundan sonra içdikləri çayın pulunu ödəmək üçün 40 (qırx) qəpik pulu stolun üstünə qoymuşlar. Bu vaxt çayxanaya polis əməkdaşları daxil olmuş, onu digər şəxslərlə birgə idarəyə dəvət edərək izahatını almışlar. Şöbədə yazılmış izahat onun tərəfindən yazılmamış, onun dediklərini əks etdirmir. Həmin izahatla razı deyildir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən çayxanada qumar oynaması müəyyən edilərək, 2-ci Polis Şöbəsinə aparılmışlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyərək, inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın şəkildə görünür ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 40 (qırx) qəpik pul inzibati xətanın predmeti hesab edilərək götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol, ona əlavə olunmuş digər sənədlər, həmçinin götürülmüş pul məbləği Şəxs əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz və belə olan halda məhkəmə əməldə inzibati xəta tərkibinin yaranması üçün dispozisiyada müəyyən edilmiş şərtlərin olmaması qənaətinə gəlir. O cümlədən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında qumar oyununun oynanılmasını təsdiq edən hər hansı oyun aləti (kart, domino, zər və s.) aşkar edilərək inzibati xətanın predmeti kimi iş materiallarına əlavə edilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu iş materialları ilə tam təsdiq edilmir. Məhkəmə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdırıb, inzibati xətaya münasibətdə aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir: İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olduğundan Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsində göstərilən hallar əsasında tərtib olunmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) törədilib-törədilməməsi sübut edilməli olan hallardan biridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməli və inzibati xətanın predmeti olan 04 ədəd 10 (on) qəpik, yəni cəmi 40 (qırx) qəpik pul vəsaiti qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105, 111-112, 114-115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xətanın predmeti olan 04 ədəd 10 (on) qəpik, yəni cəmi 40 (qırx) qəpik pul vəsaiti qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar