Məhkəmə qərarları › İş №3(125)-698/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-698/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-698/2025 24.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 30 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 30 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏƏSMNnin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsi onun sahibkarlıq fəaliyyətinə qərəzlik edir. Belə ki, barəsində heç bir əsas olmadan 30 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qərarda göstərmişdir ki, xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələbini pozaraq işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilib 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərar tam olaraq qanunsuz və əsasızdır. X9 çalışın 9 nəfər işçinin sığortalanması barədə DƏMX-nin X10 şöbəsi 21 yanvar 2025-ci il tarixdə bildiriş göndərərək MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixə ll:00-a təyin olunduğu göstərmişdir. 9 nəfər işçinin sığortalanması xx.xx.2025-ci il tarixdə bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmışdıir. Sığortalanmaqları barədə xx.xx.2025-ci il tarixli **********6320 nömrəli sığorta müqaviləsi bağlanmışdır. İşçilərin xx.xx.2025-ci il tarixdə sığortalanması üçün 125.10 manat pul ödənilib və bu barədə DƏMX-nin X10 şöbəsinə məlumat verməsinə baxmayarq barəsində xx.xx.2025-ci il tarixdə qərar qəbul edilərək 1500 manat məbləğində cərimə edilmişdir. Beləliklə də, konustutsiya və qanunvericiliklə qorunan hüquqları X10 şöbəsinin vəzifəli şəxsi tərəfindən kobud şəkildə pozulmuşdur. Onuda qeyd edir ki, cənab prezidentimiz İlham Əliyev hər zaman sahibkarlığa dəstək vermiş və sahibkarlığın inkişafı üçün bir çox sərəncamlar qəbul etmişdir. Buna baxmayaraq DƏMX-nin X10 şöbəsi tərəfindən həmin sərəncamlar hecə sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət vermiş şəxs X2 lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə şikayət verən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X5 ifadəsində bildirmişdir ki, X1 barəsində inzibati protokol tərtib edilən gün, yəni 21 yanvar 2025-ci il tarixə qədər icbari sığorta müqavilə bağlamamış, o, müqaviləni barəsində protokol tərtib edildikdən sonra 22 yanvar 2025-ci il tarixdə bağlamış və həmin vaxt protokol artıq qüvvədə olmuşdur. 30 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar isə həmin protokolun əsasında qəbul edilmişdir. İfadəsinin sonunda o, protokol tərtib edilməmişdən öncə X2 hüquq pozuntusunu aradan qaldırması barədə xəbərdar edildiyini bildirərək, 30 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - 21 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələbini pozaraq işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 30 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixədək X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələbini pozaraq işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - DƏMX Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən X2 ünvanlanmış 13 yanvar 2025-ci il tarixli 3-17-5/2-M-2119/2025 saylı məktubdan görünür ki, sığorta müqaviləsini bağlamadığı üçün 21 yanvar 2025-ci il tarixdə saat 12:00-da inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi barədə xəbərdar edilmiş, həmçinin həmin tarixə qədər qeyd olunan hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənələri təqdim edilməsi tələb olunmuşdur. - 22 yanvar 2025-ci il tarixli icbari sığorta müqaviləsinin surətindən görünür ki, X4 ilə "xxxx" ASC arasında İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 21 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şikayət ərizəsində qeyd edilən X4 ilə "xxxx" ASC arasında bağlanmış 22 yanvar 2025-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsini inzibati xəta haqqında protokol tərtib edildikdən sonra yəni, 21 yanvar 2025-ci il tarixindən sonra bağlanmışdır. Ona görə də X4 şikayət ərizəsində xx.xx.2025-ci il tarixdə sığorta müqaviləsinin bağlanmasını əsas gətirərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, X4 tərəfindən icbari sığorta müqaviləsinin bağlanmamasında qanun pozuntusuna yol verilməsi faktı müəyyən edildiyindən qeyd olunan əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkibinin yaratması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 30 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 30 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar