Məhkəmə qərarları › İş №3(125)-699/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-699/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-699/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhər, R.Axundov küçəsi 2dön, ev 4-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı 2-ci Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər baxılması üçün 13 fevral 2024-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi Sənani Məmmədov tərəfindən tərtib edilmiş 13 fevral 2024-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Gəncə şəhər Məhsəti qəsəbəsində X3 məxsus 80 manat dəyərində elektrik naqilini oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi Sənani Məmmədov tərəfindən tərtib edilmiş 13 fevral 2024-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs “VİS” Palm otelinin qarşısında telefonla danışarkən uca səslə nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətlər etmişdir. Buna görə də barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, daxil olmuş inzibati xəta haqqında materialların bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sənani Məmmədov çıxış edərək bildirdi ki, Şəxs Gəncə şəhər Məhsəti qəsəbəsində X3 məxsus 80 manat dəyərində elektrik naqilini oğurlamışdır. Onun əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, lakin, Şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsində nəzərdə tutulan xırda talama inzibati xətanın təkibi yarandığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bundan əlavə Sənani Məmmədov bildirmişdir ki, Şəxs “VİS” Palm otelinin qarşısında telefonla danışarkən uca səslə nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətlər etmişdir. Buna görə də barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında 13 fevral 2024-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməli törətmişdir. Əməlinə görə peşmançılıq çəkir və bir daha belə əməl törətməyəcəyinə söz verir. Əlavə olaraq bildirir ki, zərərçəkmişə dəymiş zərəri tam olaraq ödəmiş və onunla barışmışdır. Lakin 13 fevral 2024-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməmişdir. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X5 izahatında bildirdi ki, Gəncə şəhər Məhsəti qəsəbəsində X3 məxsus 80 manat dəyərində elektrik naqilini oğurlasa da, hal-hazırda ona dəymiş maddi zərəri tam şəkildə ödədiyindən, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 fevral 2024-cü il qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 12 fevral 2024-cü il tarixdə saat 12:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan raportdan görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin, CAB-ın əməliyyat müvəkilli, polis kapitanı Aqşin Hüseynov xx.xx.2024-cü il tarixdə raportla şöbə rəisinə müraciət edərək bildirmişdir ki, Gəncə şəhər Ş.İ.Xətai pr-də “VİS” Palm otelin qarşısında bir nəfərin sonradan adı məlum olan Şəxs telefonda danışarkən uca səslə nalayiq ifadələr, söyüşlər işlətdiyini görmüşdür. O özünün polis əməkdaşı kimi təqdim edərək ona yaxınlaşıb, bu hərəkətlərinə son qoymağı tələb etmiş lakin, Şəxs bu əməllərinə son qoymayaraq təhqir etməyə davam etmişdir. Şəxs etmiş olduğu hərəkətlərə son qoymadığından onun tərəfindən polis şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokol Şəxs xırda xuliqanlıq etməsi və polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün tərtib edilsə də, həmin vaxt Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı özünün ifadəsi və digər sübutlarla ilə təsdiq olunmuş, lakin sonuncunun ictimai qaydanı pozan hərəkətlər etməsi hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) təsdiq edilmir. Şəxs həqiqətən də ictimai qaydanı pozması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs ona dəymiş zərəri tam şəkildə ödəmişdir, onun həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək, onunla barışdığından, İXM-in 39.2-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək, onunla barışdığından həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar