Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-700/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə Şəxs qanunsuz olaraq narkotik vasitə marixuanadan satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edib istifadə edilməsi, həmin şəxsin xx.xx.2024-cü il tarixdə saat 11:30-da radələrində Gəncə şəhər Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsində Hunday markalı ** TA *** d.q.n.n-lı avtomobil ilə avto qəza törədən zaman, Gəncə şəhəri BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən aşkar olunmuşdur. Ona görə də Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206 və 333- 1.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri BPİnin 1-ci PŞ-nin sahə rəisi X2 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək barəsində icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, həqiqətən də narkotik vasitə marixuanadan istifadə etmişdir. Marixuanadan istifadə edərək əsəblərini sakitləşdirir. Hadisə baş verən gündən təxminən 6 gün öncə marixuana qəbul etmişdir. O, avtobus sürücüsüdür. Hadisə baş verən gün o, avtobus ilə dayanacağa daxil olmuş, bu zaman dayanacağın yanında saxlamış VAZ markalı avtomobilin sərnişini avtomobilin qapısını qəflətən açmışdır. Avtobus VAZ markalı avtomobilin qapısına dəymişdir. Bundan sonra VAZ markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisə yaranmış, əraziyə polis əməkdaşları gəlmiş, onu narkoloji testdən keçirdikdən sonra narkotik istifadəçisi olması aşkar edilmişdir. Barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: 13 fevral 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.4-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin aidiyyatı əməkdaşına göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 12 fevral 2024-cü il tarixli 575/2024 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sidiyində marixuana (THC) aşkar edilmişdir. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli 218 saylı rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannoboidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehyiyacı yoxdur. Narkoloji kabinetdən profilaktiki qeydiyyata alınması məsləhət görülür. 12 fevral 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 12 fevral 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. İş materiallarına əlavə edilmiş Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP № ******* nömrəli inzibati xəta haqqında protokola münasibətdə isə məhkəmə qeyd edir ki, həmin maddə üzrə barəsində icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından 333-1.1-ci maddə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından aydın olur ki, barəsində icraat aparılan şəxsin idarə etdiyi nəqliyyat vasitəsi ümumi istifadədə olan, ictimai nəqliyyat vasitəsi olmuş, belə olan halda, onun əməlinə münasibətdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4ci maddəsi ilə inzibati protokol tərtib edilməli idi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən, narkotik vasitə təsiri altında avtomobil idarə etmənin son zamanlar geniş və təhlükəli hal almasını, narkotik vasitə təsiri altında ictimai nəqliyyat hesab edilə avtobusu idarə etməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiqi məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 77, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 12 fevral 2024-cü il tаrixdən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X3 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-700/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-700/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver