Məhkəmə qərarları › İş №3(125)-706/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-706/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-706/2025 13.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra sənədinə əsasən 20 manat aliment və Kəlbəcər rayon Məhkəməsinin 2(040)487/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş borcluya təqdim edilmişdir. Şəxs axtarış tədbirləri nəticəsində idarəyə dəvət edilmişdir. Hal-hazırda borclu Şəxs 10500 (on min beş yüz) manat aliment borcu mövcuddur. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Şəxs barəsində axtarış elan edilmişdir. O, 2008-ci ildən bugünə kimi cəmi 60 manat ödəniş etmişdir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcunu tam ödəməyə maddi imkanı yoxdur. Lakin Gəncə şəhəri, Gülüstan qəsəbəsində evi var. 2.3 ay müddət verilsə həmin evin sənədlərini alıb zərərçəkmiş şəxsə təqdim edə bilər. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, 2008-ci ilin aliment sənədi üzrə ona cəmi 60 manat pul ödənilmişdir. Keçən məhkəmə iclasında da evi adına keçirəcəyini bildirdiyinə və razılıq əldə edildiyinə görə iş üzrə icraata xitam verilmişdir. Lakin o evin sənədləri yoxdur və o evi istəmir. Pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi halda isə cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhəmə baxışı zamanı tədqiq edilmiş : - Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra sənədinə əsasən 20 manat aliment Şəxs tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. - Kəlbəcər rayon Məhkəməsinin 2(040)487/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 120 manat sabit pul məbləğində aliment Şəxs tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında qərarlardan görünür ki, Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra sənədi və Kəlbəcər rayon Məhkəməsinin 2(040)487/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icraat başlanmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2019-cü il tarixli bildirişdən görünür ki, Kəlbəcər rayon Məhkəməsinin 2(040)487/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş olunmuş və icra sənədinin icrası barədə İcra İdarəsinə məlumat verilməsi bildirilmişdir. -20 dekabr 2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra sənədini və Kəlbəcər rayon Məhkəməsinin 2(040)487/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilmədiyi halda iXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Şəxs barəsində olan 11 yanvar 2022-ci il tarixdə 510 009 nömrəli axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu aliment borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımı qaydada ödənilməsinə laqeydlik göstərmişdir. Borclu Şəxs işləmə qabiliyyət olsada heç bir yerdə işləməyərək aliment borcunu tam şəkildə ödəməmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. 16 il ərzində cəmi 60 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar