Məhkəmə qərarları › İş №3(125)-717/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-717/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-717/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə, X5 Yusif oğlunun iştirakı ilə, Əsgərov Asif Yusif oğlunun X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 30 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əsgərov Asif Yusif oğlu X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 30 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, ********** VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən vəzifəli şəxs kimi onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli MN1808213 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla ona 1500 (min beş yüz) manat cərimə tətbiq edilmişdir. Cərimə olunmağı barədə Qərar ona xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Barəsində tərtib olunmuş Qərardan narazıdır və aşağıdakı qeyd etdiyi əsaslara görə ləğv edilməsini xahiş edir. Bildirir ki, o, xx.xx.2025-ci il tarxili müqavilə əsasında işçiləri Qala Həyat ıiğorta şirkətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta elətdirməyinə baxmayaraq, yəni xx.xx.2025-ci 1 tarixdə sığorta müqaviləsi olmasına baxmayaraq həmin gün onun barəsində inzibati xəta haqqında protokol yazılmış və xx.xx.2025-d il tarixdə tənbeh cərimə qərarı yazılmışdır. Bununla yanaşı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən prosessual hüquq normalarına riayət edilməmişdir. Qərarda inzibati xətanın törədilməsinin Təhlil altsistemi vasitəsi ilə elektron qaydada aşkara çıxarıldığı qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN1808213 nömrəli inzibəti tənbeh vermə haqqında Qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 Yusif oğlu şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş “İnzibat tənbeh vermə haqında” 30 yanvar 2025-ci il tarixli qərarla o, 1500 (min beş yüz) manat cərimə olunmuşdur. Heç bir müstəqil araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir. Araşdırma ilə bağlı ona heç bir rəsmi məlumat verilməmişdir. O, sığorta müqaviləsi bağlamışdır. Sonda məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, 21 yanvar 2025-ci il tarixdə protokol tərtib olunub. Bu barədə bildiriş şəxsin ünvanına göndərilmişdir. Qərarın qəbul edilməsi ilə bağlı bildiriş 22 yanvar 2025-ci il tarixdə göndərilmişdir. İnzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. Onun barəsində tərtib edilmiş protokol əmək müqaviləsi əsasında işçini işə götürdüyü andan aşkar edilən ana kimi bağlanmayan müqaviləyə münasibətdə tətib edilmişdir. Məhkəmədən şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında iş üzrə qərarı nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş: -Əsgərov Asif Yusif oğlunun barəsində tərtib edilmiş 30 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat inzibati cərimə olunmuşdur. - Əsgərov Asif Yusif oğluna ünvanlanmış 22 yanvar tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixdə saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsgərov Asif Yusif oğlu X3 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinə (Gəncə şəhəri, Atatürk prospekti, 269/509A) dəvət olunmuşdur. -Əsgərov Asif Yusif oğluna ünvanlanmış 13 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Əsgərov X2 xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə 21 yanvar 2025-ci il tarixdə saat 16:00-da X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı onun tərəfindən təqdim edilməsi tələb olunmuşdur. Onun və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi və iş üzrə onda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. -Əsgərov Asif Yusif oğlunun barəsində tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Əsgərov Asif Yusif oğlu tərəfindən işçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməməsi faktı aşkar olunmuş, bu səbəbdən Əsgərov Asif Yusif oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; -21 yanvar 2025-ci il tarixli müqavilədən görünür ki, Əsgərov X7 Həyat sığorta şirkəti Açıq Səhimdar Cəmiyyəti ilə sığorta müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununun 3.1.1-ci maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülkihüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri və andlı iclasçılar, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla);3.1.7. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işəgötürən tərəfindən sığorta olunmalıdırlar. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Belə ki, X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 30 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verən Əsgərov Asif Yusif oğlu sığorta müqaviləsi bağladığını bildirərək müqaviləni məhkəməyə təqdim etmişdir. Lakin həmin müqavilə protokolun tərtib edildiyi vaxtdan sonra deyil işçilərlə əmək müqaviləsi bağlanmalı olan vaxtdan bağlanmalı idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinin qeydinə əsasən şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Göründüyü kimi şəxsin protokol tərtib edildikdən sonra bağladığı müqavilə onun yenidən məsuliyyətə cəlb edilməməsi üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla hüquqi şəxs Əsgərov Asif Yusif oğlu tərəfindən İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də, Əsgərov Asif Yusif oğlunun şikayət təmin edilməməli X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş 30 yanvar 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əsgərov Asif Yusif oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Əsgərov Asif Yusif oğlu barəsində X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş 30 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar