Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-718/2022 06.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin İTBnin polis sahə rəisi polis mayoru Sənani Məmmədov tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X3 məxsus evin həyərindən 30 manat dəyəri olan su matorunu və 50 manat dəyəri olan laqondanı oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru Sənani Məmmədov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsi 32-ci küçədə yaşayan X4 məxsus 2 ədəd 60 manat dəyərində olan dəmir parçalarını gizli yolla oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru Sənani Məmmədov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsi 20-ci küçədə yerləşən və X1 işlədiyi subartezian quyusunun su matorunu elektriklə qidalandıran 12 metr uzunluğunda 84 manat dəyəri olan naqili oğurlamışdır. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Sənani Məmmədov inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsi 20-ci küçədə yerləşən və X1 işlədiyi subartezian quyusunun su matorunu elektriklə qidalandıran 12 metr uzunluğunda 84 manat dəyəri olan naqili, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 32-ci küçədə yaşayan X4 məxsus 2 ədəd 60 manat dəyərində olan dəmir parçalarını və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X3 məxsus evin həyərindən 30 manat dəyəri olan su matorunu və 50 manat dəyəri olan laqondanı oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokollar tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, o, xəstə anası ilə birgə yaşayır, atası köhnə polis işçisi olub, rəhmətə gedib, hazırda onların maddi vəziyyəti çox ağırdır. O, Gəncə şəhəri Məhsəti qəsəbəsindən elektrik naqilini, daha sonra xatırlamadığı həmin yerə yaxın küçədən iki ədəd dəmir parçası, daha sonra həmin ərazidə həyatyani sahədən su mühərriki və köhnə bir laqonda oğurlamış və tanımadığı şəxsə cəmi 65 manata satmışdır. Sonda o, əməllərindən peşman olduğunu, pula ehtiyacı olduğu üçün belə əməllər törətdiyini, lakin zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə maddi imkanın olmadığını nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 sentyabr 2022-ci il, 25 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, qeyd olunan əməlləri törətmiş Şəxs əməllərində cinayət tərkibi olmadığından onun əməllərində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarların surətləri Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:30-da tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, onun özünün etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmçinin İXM-nin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, məsuliyyəti ağırlaşdıran halların mövcud olmadığını nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər bir protokol üzrə ayrıayrılıqda, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 04 oktybar 2022-ci il tаrixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona, barəsində tərtib olunmuş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə, MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə və MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-718/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-718/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver