Məhkəmə qərarları › İş №3(125)-728/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-728/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-728/2024 14.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərov Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Azərbaycan Respublikasının, Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi 3döngə, ev 42-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 511.1.1-ci, 327.2ci və 327.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsi X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə Gəncə şəhər Baş Polis İdarəsinin X4 şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 511.1.1-ci, 327.2-ci və 327.4cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:58 radələrində Gəncə şəhərində idarə etdiyi “BMW 530İ” minik markalı, 20DE200 dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 327.2-ci maddəsində göstərilən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilmək, həmin məcəllənin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmək, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, həmin məcəllənin 511.1.1-ci maddəsinə göstərilən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermək, həmin məcəllənin 511.1.3-cü maddəsində göstərilən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətləri edərək avtoxuliqanlıq əməli törətmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 327.2, 327.4, 511.1.1, 511.1.3-cü maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Suallara cavab olaraq inzibati xəta haqqında protokolu tərtib etmiş X2 hadisə yerini müayinə etdiyini və orda təkər izlərinin aşkar edildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək, izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:58 radələrində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətləri edərək avtoxuliqanlıq əməli törətmişdir. Lakin heç bir avtomaşın ilə yarış keçirməmişdir. Bununla belə əməlindən peşman olduğunu, bir daha eyni hərəkətə yol verməyəcəyini, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokol Şəxs aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə tərtib edilsə də, həmin vaxt Şəxs iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) təsdiq edilmir. Şəxs həqiqətən də aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Lakin bununla belə məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan videogörüntü və digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi əmələ görə səmimi peşmançılığını, onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, ona əlavə cəza qismində nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmaqla əsas tənbeh kimi həmin maddədə nəzərdə tutulmuş yuxarı həddə inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə yanaşı, 327.2-ci və 327.4-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Şəxs tərəfindən İXM-nin 327.2-ci və 327.4-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.4-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X4 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 750 (yeddi yüz əlli) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X4 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar