Məhkəmə qərarları › İş №3(125)-729/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-729/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-729/2023 03.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Mehrablı küçəsi ev 7B qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-605/2021 nömrəli icra sənədi əsasında 5430 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Hazırda qətnamə üzrə mövcud borc 3930 manat təşkil edir. İcra sənədinin icrasının təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş təqdim edilmiş, borclunun inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Borclu Şəxs izahatı alınmışdır. O, izahatında maddi vəziyyətinin çətinliyi ilə əlaqədar borcunu tam şəkildə ödəyə bilmədiyini bildirmişdirş Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs borcundan hər ay müəyən 100 manat ödəniş etmişdir. Lakin zərərçəkmiş şəxs hər ay 300-400 manat ödənilməsini tələb edir. Hal-hazırda borc 3930 manat təşkil edir. Zərərçəkmiş şəxs şikayət etdiyinə görə məhkəməyə müraciət edilmişdir. Proktolun təmin edilməsini xahiş edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o borcunu ödəməkdən qəsdən yayınmır. O, həmçinin bildirdi ki, könüllü icra barədə bildirişi aldıqdan etibarən hər ay ödəniş etmişdir. İmkansız adamdır. Taksi fəaliyyəti və avtobus sürücülüyü ilə məşğul olar. Qazndığı bütün qazancı aylıq ödəniş kimi zərərçəkmiş şəxsə verir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyindən və ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 605/2021 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 5430 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildirişin borclu tərəfindən hansı tarixdə götürülməsi öz əksini tapmamışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-605/2021 nömrəli icra sənədi üzrə icraat xx.xx.2021- ci il tarixdə başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borcluya hansı tarixdə rəsmi qaydada təqdim edilməsi və ona tələbi könüllü icra etməsi üçün 10 gün müddətin hansı tarixdən müəyyən olunması öz əksini tapmır İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Şəxs 02 fevral 2022-ci il tarixindən hər ay 100 və ya 200 manat mütəmadi olaraq ödəmişdir. Sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 200 manat olmuşdur. İcra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, borclu hər ay mütəmadi ödəniş etməklə borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar