Məhkəmə qərarları › İş №3(125)-729/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-729/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-729/2024 23.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 18451023 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18451023 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin sağ tərəfində yerləşən geyim malları satılan mağazanın qarşısında 09 dekabr 2023-cü il saat 15:20 radələrində idarə etdiyi avtomobilə (DQN ** ML ***) xüsusi texniki vasitənin köməyi ilə cərimə tətbiq edilmişdir. O, idarə etdiyi nəqliyyat vasitəsi ilə mağazanın yanına 15:19 radələrində çatdı, qəza işıqlarını yandırdı və nəqliyyat vasitəsini tərk etmədən ailə üzvlərini düşürdükdən sonra, dayanacaq işarəsi ilə qeyd edilmiş hissədə nəqliyyat vasitəsini park etdi, yəni 15:22 radələrində və bu vaxt onun telefonuna mesaj daxil oldu ki, o, inzibati xəta törətmişdir. O, dərhal sübut olsun deyə nəqliyyat vasitəsini park etdiyi yerdə (“P” işarəsi ilə işarələnmiş yerdə), yəni 15:23 radələrində telefonu vasitəsi ilə park etdiyi yerin şəkillərini çəkdi (şəkillər əlavə olunur). Onun telefonuna 09 dekabr 2023-cü il saat 15:20 radələrində daxil olmuş bildirişdə hansı xətanı törətməsi barədə məlumat olmadığı üçün o, hesab etdi ki, X6 Şöbəsi tərəfindən tərtib edilmiş protokol rəsmi qaydada ünvanına göndəriləcəkdir. Protokolu göndərmədikləri üçün o, 09 yanvar 2024-cü il tarixində X6 Şöbəsinin rəisinə protokolun ona göndərilməsi üçün ərizə ilə müraciət etdi. Azərbayan Respublikası Prezidentinin 30 sentyabr 2015-ci il tarixli “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 maddəsinə əsasən 15 iş günü ərzində ona cavab verilməli olduğu halda, ona 30 yanvar 2024-cü il tarixə kimi cavab verilmədi. Təkrar olaraq o, 31 yanvar 2024-cü il tarixində bir daha X6 Şöbəsinin rəisi cənab Eldəniz Həsənova müraciət edərək Azərbayan Respublikası Prezidentinin 30 sentyabr 2015-ci il tarixli “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun məlum maddəsini xatırlatdıqdan sonra 08 fevral 2024-cü il tarixində yaşadığı ünvana tərtib edilmiş protokol poçt vasitəsi ilə çatdırıldı (konvert əlavə olunur). Onu qeydiyyata alan texniki vasitə təhlükəsiz şəhər stansiyasıdır və həmin stansiyada kameralar yalnız müşahidə aparmaq və ümumi olaraq şəhərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuşdur (həmin kameranın idarə etdiyi nəqliyyat vasitəsinin içərisini necə çəkməsi də çox şübhəlidir). Avtomat rejimində inzibati xəta qeydə almaq funksiyasına malik deyildir. Hesab edir ki, ona tətbiq olunan elektron qərar müşahidə kamerasının müşahidə monitorundan əldə olunan məlumat əsasında tətbiq olunmuşdur ki, bu da qanunsuzdur. Belə ki, inzibati protokolun tərtib olunması pozuntularla həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 18451023 saylı elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, xx.xx.2023-cü il tarixli, EQ 18451023 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 18451023 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə yaranır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs isə bildirdi ki, o, dayanma və durma qaydalarını pozmamış, nəqliyyat vasitəsini parklanma üçün nəzərdə tutulmuş yerdə saxlamış və buna görə də o, qeyd edilən inzibati xətanı törətməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin elektron qərarda olan şəkillərlə İXM-nin həmin maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranmasını müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitəsini qeyd edilən yerdə saxlamaqla İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın üzərinə qoyulsa da, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 18451023 nömrəli elektron qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar