Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-731/2024 14.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Tural Hacıyevin, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Baləkən rayonu, Ə.Ansuxski küçəsi, ev 64-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsində tərtib olunmuş inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi Tural Hacıyev tərəfindən tərtib olunmuş 14 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X1 məxsus avtomobildən maqintofon, akkumlyator və onun naqilləri sökmüş, ümumilikdə 400 manat ziyan vurulmuşdur Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Tural Hacıyev çıxış edərək bildirdi ki, Şəxs, xx.xx.2024-cü il tarixdə xırda talama əməli törətmişdir. Onun əməllərində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227ci maddəsində nəzərdə tutulan xırda talama inzibati xəta hadisəsinin tərkibi yarandığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə küçədə gəzən zaman VAZ 2107 markalı avtomobilin qapısının açıq olduğunu görmüş, avtomobilin içinə əyləşərək açarın avtomobilin içində olmasını aşkar etmişdir. O, avtomobili sürmək qərarına gəlmişdir. Bir az uzaqlaşdırdan sonra avtomobili saxlamış, içində qiymətli əşyaları söküb talamaq qərarına gəlmişdir. Avtomobildən akkumlyatoru, maqnitolanı sökmüş, avtomobilin içində olan qida yağını götürmüşdür. Bu zaman ona yol patrul xidməti əməkdaşları yaxınlaşmış, o, özünü itirərək qaçmaq istəmişdir. Lakin polis əməkdaşları onu saxlamışlar. Törətdiyi əməllərə görə peşmançılıq çəkir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 fevral 2024-cü il qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 2-ci Polis Bölməsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında icraat materiallarına nəzər salmış və müəyyən etmişdir ki, barəsində icraat aparılan şəxsin əməlində cinayət tərkibinin olmaması nəticəsinə gəlinməsi üçün zəruri olan bütün hallar araşdırılmamışdır. Belə ki, 13 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarda əməldə cinayət tərkibinin olmaması qənaətinə gəlinməsi zamanı sırf talanmış əmlakın dəyəri hissəsinə qiymət istinad edilmiş, şəxsin avtomobili qaçırması, avtomobilin qaçırılmasında avtomobilin talanması məqsədinini olub-olmaması məsələsi araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində cinayət əlamətləri olduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Gəncə şəhər prokuroruna göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-731/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-731/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver