Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-735/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, X3 xx.xx.2022-ci il tarixli, EQ 11916766 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən onun barəsində xx.xx.2022ci il tarixli X5 Haqqında EQ 11916766 saylı Qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilir ki, guya o, Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsinin tələbini pozmuşdur. Qərar əsassız və qeyri-qanunidir, onun hüququ məhdudlaşdırmışdır. Belə ki, qərarda göstərilmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 14-47:03-də MİTSUBİSHİ PAJERO minik markalı 10TN687 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi kimi 339.1-1, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir. Nəticədə barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin avtomobili o, etibarnamə əsasında X2 xx.xx.2020-ci il tarixdə almışdır. Həmin vaxt avtomobil tam yararsız vəziyyətdə olmuşdur. Bu günə qədər imkan tapdıqca onu təmir etdirir, lakin hələ də avtomobil istifadəyə yararlı deyil, o, bir gün də olsa ondan istifadə etməmişdir. Qərarda qeyd olunan vaxt avtomobili evakuatorda növbəti dəfə təmirə aparıb, ustanın sexinin yanına qoymuşdur. İşə əlavə edilən fotodan da görünür ki, avtomobil təmirə dayanmışdır. Bundan başqa qərar ona vaxtında göndərilməmişdir. xx.xx.2023-cü il tarixdə başqa işlə əlaqədar DYPİ-nə gedəndə orada öyrənmişdir ki, barəsində belə bir qərar qəbul edilmişdir. Ona görə də qərardan şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda cərimənin ödənilməsi gecikdiyi üçün əlavə olaraq ona 30 manat məbləğində peniya da hesablanmışdır. Beləliklə, heç bir təqsiri olmadığı halda 80 manat pul ödəməlidir. Sonda o, barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. İş üzrə şikayətçi və Gəncə şəhər DYPŞ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə prosesində iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Gəncə şəhər DYPŞ-nin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, EQ 11916766 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsinə əsasən 50 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş foto şəkildən görünür ki, Mitsubishi Pajero markalı 10TN687 dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayanmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X9 şikayətdə göstərdiyi halı, yəni avtomobilin istifadəyə yararsız olmasını və təmirə dayandığını sübut edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş fotodan aydın görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:47:03 radələrində Mitsubishi Pajero markalı 10TN687 dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yolun kənarında adi qaydada dayanmışdır. Həmin avtomobil hər hansı təmir sexində dayanmamış və ya ətrafında təmir sexi yoxdur, həmçinin avtomobilin yararsız vəziyyətdə olduğu görünmür. Göründüyü kimi Şahin Əmirov barəsində törətdiyi inzibati xətaya görə qanuni şəkildə inzibati xəta haqqında qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir: 1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu Qanunun 30-cu maddəsinin Vİ-İİ hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə; 2) Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu Qanunun 30-cu maddəsinin Vİ hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə. Həmin Qanunun 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanunun 30-cu maddəsinin Vİ-İİ hissəsinin 3-cü bəndinə əsasən aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri – istehsal olunduğu vaxtdan bir il müddətində; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu maddənin Vİ-İİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) - istehsal olunduğu vaxtdan dörd il müddətində. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2022-ci il tarixli, EQ 11916766 nömrəli inzibati tənbeh vermə haqqında eletron qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X4 barəsində xx.xx.2022-ci il tarixli, EQ 11916766 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-735/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-735/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver