Məhkəmə qərarları › İş №3(125)-737/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-737/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-737/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs icra məmuru X3, zərərçəkmiş Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və vəkili Gəncə şəhər 1 saylı Vəkil Vürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, 13 B, ev 6-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsi 10da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1526/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs borcu ödəyə bilməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Ona görə də borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin borclu bugünə kimi heç bir ödəniş etməmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolun təmin edilməsini və şəxsin barəsində qanuni tədbir görülməsini xahiş edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Borcunu ödəmək niyyətindədir. Hazırda Ukranyada olan biznesini ölkəyə küçürüb və işləri düzəlib. Yaxın müddət ərzində borcu ödəyəcək. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili X5 izahatında bildirdi ki, protokol onların iştirakı olmadan tərtib edilmişdir. Şəxsin adına əmakı olub-olmaması barədə sorğu verilməmiş, gəlirinin olub-olmaması aydınaşdırılmamışdır. Borclunun barəsində olan axtarış qərarından şikayət verilmişdir. Borclu çağırıldığı bütün müddətlərdə icra məmurunun yanına getmişdir. Borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Borcunu ödəmək niyyətindədir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, borclu borcunu ödəməkdən qəsdən yayınır. Onun özünün və ailəsinin borcu ödəməyə kifayət qədər imkanı var. Axırıncı dəfə oğlunu borcunu ödəmək adı ilə İstanbul şəhərinə aparmış, orda da borcunu qaytarmamış, əksinə cibində olan pulu da götürərək getmişdir. Məhkəmə qətnaməsi 2021-ci ildə çıxmasına baxmayaraq borc 2012-ci ildə yaranmış borcdur. Bu müddət ərzində özünün və ailsəinin kifayət qədər imkanı olmüş, adlarına əmlakları olmuş lakin müəyyən olunmuş borcu ödəməmişlər. Həmin vaxtdan hər ay müəyyən ödəniş etsə idilər artıq ödəniş başa çatmış olardı. Şəxs barəsində ən sərt tədbirlərin görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1526/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs cəmi 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi ilə bağlı icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs xx.xx.2022-ci il tarixdə təqdim edilməklə, ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1526/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirişin göndərilməsi barədə çıxarışların surətlərindən görünür ki, Şəxs barəsində olan məhkəmə qərarının icrası ilə əlaqədar Gəncə şəhər İcra İdarəsinə çağırılmışdır. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, hüquq və vəziflərinin ona izah edilməsi ilə bağlı ona məlumat verilməsini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs xəbərdarlıq edilmiş və o xəbərdalığı almasını öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 06 iyun 2022-ci il tarixli aktdan görünür ki, Şəxs ünvanında tələbin yönəldilə biləcəyi hər hansı əşya aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş təqdimatdan görünür ki, borclunun ölkdədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən təqdimat verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, Şəxs sonuncu dəfə xəbərdarlıq edilmiş və o sonuncu xəbərdalığı almasını öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, Şəxs sonuncu dəfə xəbərdarlıq edilmiş və o sonuncu xəbərdalığı almasını öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra idarəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 10 avqsut 2022-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərardadından görünür ki, borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırlması ilə bağlı şikayət təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(125)-145/2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində məcburi gətirilməsi barədə təqdimat təmin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, borclunun axtarılması barədə qərar qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, Şəxs sonuncu dəfə xəbərdarlıq edilmiş və o sonuncu xəbərdalığı almasını öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(125)-208/2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş borclu Şəxs elektron sorğu kartoçkası əsasında adına hər hansı bir əməlakının olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs izahatından görünür ki, ona məsuliyyata cəlb olunaraq inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcdan heç bir ödəniş etməməsi onu göstərir ki, o üzürsüz səbəbdən məhkəmə qətnaməsini icra etməmişdir.Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 700 (yeddi yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar