Məhkəmə qərarları › İş №3(125)-752/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-752/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-752/2024 13.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 11:27-də özünə məxsus **-ED-*** dövlət qeydiyyat nişanlı Toyota prius markalı avtomobillə Şəmkir yolundan Məmmədqasım Əliyev küçəsinə dönmə əməliyyatı yerinə yetirən zaman Nizami Gəncəvi prospektindən üzü Şəmkir yoluna, nəqliyyatın intensiv hərəkətdə olduğu iki hərəkət zolağını zəbt etmiş vəziyyətdə parklanmış iki yol patrul avtomobillərindən biri arxasınca gələrək onu saxlatmış və qayda pozuntusu etdiyini bildirmişdir. O, protokolu qayda pozuntusunu əks etdirən görüntü ilə birgə elektron qaydada asanpay kabinetinə göndərməsini bildirərək yoluna davam etdi. Az sonra Asanpay kabinetinə İXM-nin 327.1 maddəsinə əsasən qayda pozmasını özündə ehtiva edən İXP ******* saylı elektron protokol daxil oldu. Protokolun ətraflı bölümünə müxtəlif tarix və saatlarda daxil olmağa cəhd etsə də heç bir məlumat əldə edə bilmədi. Onun məhz sol zolaqla deyil, soldan ikinci zolaqla dönmə əməliyyatını yerinə yetirməsinə səbəb yolayırıcının əks istiqamətində iki hərəkət zolağını qanuna zidd olaraq dislokasiya yeri kimi seçən, heç bir sayrışan işığı yanmayan, onun gəldiyi istiqamətdə sol zolaqla dönmə əməliyyatını yerinə yetirən sürücülərə öz avtomobillərinin gövdələri ilə qarşı tərəfdən gələn avtomobilləri görə bilmək üçün xeyli yolayrıcında dayanmağa məcbur edən və süni tıxac yaradan iki yanaşı dayanmış patrul avtomobilinin bilərəkdən sürücüləri qayda pozmağa sövq etməsi oldu. "Yol Polisi haqqında təlimatın”-ın 4-cü maddəsinin (yol hərəkətinə nəzarətin forma və metodları) 4.3 yarımbəndində yazılıb ki, Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Göründüyü kimi "Yol hərəkəti haqqında" Qanunun parklanma, durma, dayanma qaydaları yol patrul xidməti maşınları tərəfindən pozulmuşdur. Həmin yolayrıcında təhlükəsiz şəhər kameraları (GTŞ-027) quraşdırılmış və qayda pozuntusunu həmin kameralarla müəyyən etmək mümkün olduğu halda patrul maşınlarının yolun hərəkət hissəsində dayanıb nəqliyyatın intensiv hərəkətinə mane olaraq qayda pozuntusu müəyyən etməsi yol-nəqliyyat iştirakçılarının təhlükəsiz və intensiv hərəkətinin təminatı prinsiplərinə ziddir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirdi ki, o, yol hərəkət qaydasını pozmamış, həmin ərazidə yolun hərəkət istiqamətləri və o cümlədən sol zolaqdan sola dönmə yol nişanları olduğundan o, sol zolaqla hərəkət edərək sola dönmüş və bununla da heç bir inzibati xəta törətməmişdir. Ona görə də barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, DVD diskə baxış keçirərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında DVD diskə baxış keçirilən zaman görünür ki, həmin ərazidə yolun hərəkət istiqamətləri və o cümlədən sol zolaqdan sola dönmə yol nişanları vardır. Məhkəmə iclasında isə sürücü sol zolaqla hərəkət edərək sola döndüyünü, bununla da heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Belə olan halda sürücünün əməlində İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (yol nişanlarının tələblərinə riayət edilməməsi) olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİnin X9 Şöbəsinin üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ-nin polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar