Məhkəmə qərarları › İş №3(125)-755/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-755/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-755/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1033/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfimizdən borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bu günkü tarixədək yaranmış 1070 (bir min yetmiş) manat aliment borcu var. Borclu sonuncu izahatında yığılmış aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Hal-hazırda protokol tərtib edildikdən sonra mövcud olan borcdan 700 (yeddi yüz) manat ödənilmişdir. 370 manat ödənilməmiş pul qalmışdır. Prootkolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, hal-hazırda zərərçəkmiş şəxsə mövcud borcdan 700 (yeddi yüz) manat ödəniş etmişdir. Ödənilməyən cuzi məbləğ qalmışdır. Onu da hissə-hissə ödənilməsi barədə zərərəçəkmiş şəxs ilə razılıq əldə etmişlər. Ona görə də qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, barəsində inzibati icraat aparılan şəxs tərəfindən ona mövcud borcdan 700 (yeddi yüz) manat ödənilmişdir. Qalan məbləğin hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Ona görə də iş üzrə icraata xitam verilməsini etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1033/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməsi qərara alınmışdır. 12 mart 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1033/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. 12 mart 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1033/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin könüllü icrası barədə bildiriş borclu Şəxs imza çəkdirilməklə təqdim edilmişdir. 05 may 2020-ci il tarixli xəbərdarlıqdan, 12 may 2020-ci tarixli sonuncu xəbərdarlıqdan, xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1033/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməyəcəyi halda məsluliyyət daşıması barədə xəbərdarlıq edilmiş və izahatı alınmışdır. Ödəniş qəbzlərindən görünür ki, 700 manat ödəniş edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, İcra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınmaz və ya daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxslə Şəxs arasında razılıq əldə edilmişdir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar