Məhkəmə qərarları › İş №3(125)-758/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-758/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-758/2023 26.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında **- HJ-*** dövlət qeydiyyat nişanlı Ford Ranger markalı minik maşını ilə hərəkətdə olarkən heç bir yol hərəkəti qaydasını pozmadığı halda Gəncə şəhər X6 Şöbəsinin polis mayoru X2 onu saxlatmış və guya yol nişanlarının tələblərinə riayət etmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində İXM-nin 327.1-ci maddəsi ilə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. O, barəsində çıxarılmış qərarla razı deyil, o, heç bir inzibati xəta törətməmişdir. Ona görə də Gəncə şəhər X6 Şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, o cümlədən əlavə ərizə məhkəməyə təqdim edərək bildirdi ki, öz avtomobili ilə Gəncə şəhəri Sovxoz-Nizami adlanan dairədən keçərkən üçüncü yoldan keçən avtomobil dayanmış və o da yol hərəkəti qaydalarına riayət edərək avtomobilini saxlayıb həmin avtomobilin sürücüsünə işarə etmiş ki, hərəkət üstünlüyünə görə o yola daxil olmalıdır, lakin həmin avtomobilin sürücüsü yenə də dairəyə daxil olmamış, bu halda isə o, məcbur olub dairəni keçmiş və bu zaman onun X7 əməkdaşı saxlayaraq, heç bir inzibati xəta törətmədiyi halda onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq əməlində inzibati xəta tərkibi olmadığı üçün qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə “Ford Ranger” minik markalı **- HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yol nişanlarının tələblərini pozduğuna görə, yəni Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolun və qərarın qanuniliyi və əsaslığı ilə bağlı sübutları təqdim etmək Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin üzərinə düşdüyü üçün inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmədə baxılan müddətdə səlahiyyətli orqanın nümayəndəsinin məhkəmədə iştirakını təmin etmək məqsədi ilə məhkəmə iclası bir neçə dəfə təxirə salınmışdır. Lakin 14 aprel 2023-cü il tarixə, 19 aprel 2023-cü il tarixə və 26 aprel 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin mübahisələndirilən qərarı və onun əsasını təşkil edən protokolun qanuniliyinə və əsaslığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X1 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmamış, o cümlədən səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar