Məhkəmə qərarları › İş №3(125)-76/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-76/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-76/2025 09.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, qərarından şikayət verilən şəxs Gəncə şəhər DYPŞ-nin polis leytenantı X2 iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün 40 manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərar yol polisi inspektoru tərəfindən düzgün tərtib edilməmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 09:00 radələrində Gəncə şəhəri, Nizami prospekti ilə ona məxsus "DAF” markalı **-ES-*** nömrə nişanlı yük maşını ilə öz yolunda hərəkətdə olarkən “Opel” markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil anlaşılmayan səbəbdən ona məxsus yük maşınının ön sağ hissəsinə (kor nöqtə adlandırılan hissə) dəymiş, bundan sonra zərbənin təsirindən avtomobil fırlanaraq onun yük avtomobilinin qarşısını da əzmişdir. Hadisənin real görüntüsünə nəzər salındıqda açıq-aşkar məlum olur ki, "Opel" markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun yoluna çıxmaqla hadisə törətmiş, o, öz yolunda gedərkən ilk öncə ona məxsus yük maşınının kor nöqtə adlanan hissəsinə dəyməklə tam olaraq yolunun üstündə dayanmışdır. Həmin yol magistral olmaqla ortadan dəmir ayrıclarla ayrılmış və onun hərəkətdə olduğu yolda yalnız bir istiqamət üzrə hərəkət olmuşdur. Yəni qarşı tərəfdən gələn avtomobil axını ondan dəmir ayrıclarla ayrıldığından onun hərəkətdə olduğu yol yalnız bir istiqamətli olmuşdur. Sözügedən hadisə yerinə gələn yol patrul inspektoru isə hadisənin necə baş verməsini ümumiyyətlə düzgün realizə edə bilməmiş, anlaşılmayan səbəbdən onu cərimə etmişdir. Polis leytenantı X3 tərəfindən çəkilmiş yol-nəqliyyat hadisəsinin sxemi təhrif edilmiş formada tərtib edilmişdir. Belə ki, o, öz yolunda hərəkət edərkən “Opel" markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən onun yoluna girməklə qəza törədildiyi təqdirdə, hadisənin sxemində ona məxsus yük maşınının guya sağa dönməsi göstərilmiş, “Opel” markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin isə sanki öz yolunda olması əks etdirilmişdir. Lakin real foto şəkillərə baxdıqda isə məlum olur ki, hadisənin sxemi hadisəni əks etdirmir və təhrif edilmişdir. Bundan başqa xüsusi ilə qeyd edilməli digər bir məqam ondan ibarətdir ki, sözügedən hadisədə onun günahkar olmağı barədə qərar ona göndərilməmiş və 40 manat olan cərimə məbləği polisin özü tərəfindən ödənmişdir. O, həmin qərarı tələb etdikdə isə tez-tələsik şəkildə həmin qərarı xx.xx.2024cü il tarixdə “Asan Pay” kabinetində yerləşdirdilər. Günahın onda olması barədə məlumatı isə sığorta şirkəti ona məxsus avtomobili düzəltdirməkdən imtina edəndə əldə etdi və araşdırmağa başladı ki, sən demə sözügedən hadisədə günah onda imiş. Böyük mübahisədən sonra qərarı almaq üçün Gəncə şəhər X9 Şöbəsinə getdi və həmin qərarı xx.xx.2024-cü il tarixdə imza etdirməklə verdilər. Protokolu və qərarı xx.xx.2024-cü il tarixdə götürdüyünü sübut edən protokolun və qərarın surətini şikayətə əlavə edir. Qeyd edilənlərə əsasən Gəncə şəhər X9 Şöbəsinin polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən şəxs Gəncə şəhər DYPŞ-nin polis leytenantı X3 tərəfindən qəbul edilmiş qərarın tam qanuni və əsaslı olduğunu bildirdi və X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsini, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərarından şikayət verilən şəxsin izahatını dinləyərək, DVD diskə və foto şəkillərə baxış keçirərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında foto şəkillərə və yol-nəqliyyat hadisəsinin sxeminə baxış keçirilən zaman görünür ki, işin faktiki halları ilə iş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi arasında ziddiyyət mövcuddur. Belə ki, əgər yol-nəqliyyat hadisəsi çəkilmiş yol-nəqliyyat hadisəsinin sxemində olduğu kimi olsa idi, yük avtomobili yolun hərəkət hissəsini tamamilə bağlamalı idi. Amma iş materiallarında olan hadisədən sonra çəkilmiş foto şəkillərdən aydın şəkildə görünür ki, yük avtomobili yolun hərəkət hissəsində zolaq üzrə düzünə dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİnin X10 Şöbəsinin üzərinə qoyulsa da, həmin orqan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X4 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı iş materiallarında olan sənədlərdən də göründüyü kimi işin faktiki halları ilə iş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi arasında ziddiyyət mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar