Məhkəmə qərarları › İş №3(125)-760/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-760/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-760/2023 07.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) Nəcəfov Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 07 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3513/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 1735 (min yeddi yüz otuz beş) manat pul alınaraq Nəcəfov Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, həmçinin ərizə təqdim edərək, bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3513/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 1735 (min yeddi yüz otuz beş) manat pul alınaraq Nəcəfov Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, 1735 (min yeddi yüz otuz beş) manat olan borcundan ümumilikdə 400 (dörd yüz) manat ödəmiş və qalan borcu hər ay hissə-hissə ödəməklə, yəni ilk üç ay 100 (yüz) manatdan, sonrakı ayları 150 (yüz əlli) manat ödəmək şərti ilə zərərçəkmiş şəxslə razılıq əldə etmişdir. Ödənişlər hər ayın birində olacaqdır. Bununla da o, barəsində olan icra sənədinin icrasından yayınmamışdır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Nəcəfov Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək və ərizə təqdim edərək, bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona olan 1735 (min yeddi yüz otuz beş) manat borcundan 400 (dörd yüz) manat ödəniş etmişdir. Qalan borcunu hər ay hissə-hissə ödəmək şərti ilə aralarında razılıq əldə etmişlər. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 3513/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1735 (min yeddi yüz otuz beş) manat məbləğində pul alınaraq iddiaçı Nəcəfov Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3513/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcunu vaxtında ödəmədiyi üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs 1735 (min yeddi yüz otuz beş) manat borcundan müəyyən müddət ərzində ümumilikdə 400 (dörd yüz) manat ödəniş etməsi və qalan borcun ödənilməsi ilə bağlı tələbkarla qarşılıqlı razılığa gəlməsi onun barəsində olan icra sənədinin icrasından yayınmağa çalışmadığını və borcunu ödəməyə davam etdiyini göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar