Məhkəmə qərarları › İş №3(125)-760/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-760/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-760/2024 04.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Metallurq stadionun içində yerləşən çayxanada pul müqabilində domino oynamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, çayxanada domino oynayan zaman polis əməkdaşları içəri girmiş, həmin vaxt yemək sifariş vermək üçün masanın üzərində 6 (altı) manat pul olmuşdur. O, savadsızlığını əsas gətirərək barəsində tərtib edilmiş protokola oxumadan imza atdığını, heç bir yerdə işləmədiyini, əməlindən xəcalət çəkdiyini bildirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan baxış keçirilmə və götürülmə barədə protokoldan görünür ki, Gəncə şəhəri 2-ci PŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı Nurlan Qurbanovun, 2-ci PŞ-nin PPXT-nin polis baş serjantı Tural İsgəndərovun, X2 və Şəxs iştirakları ilə baxış keçirilən zaman təqdim edilmiş domino 28 daşdan, pul isə 8 ədəd 1 manatlıq əsginazdan ibarət olduğu müəyyən edilmiş, baxışda iştirak edən A.Təmcidi və Şəxs həmin domino daşları ilə pul müqabilində qumar oynadıqlarını bildirmişlər. Həmin domino daşları və pul əsginazları iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. İş üzrə maddi sübut olan 9 (doqquz) manat pul və 28 (iyirmi səkkiz) ədəd domino daşının müsadirə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinsin, ona 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut olan 9 (doqquz) manat pul və 28 (iyirmi səkkiz) ədəd domino daşının müsadirə edilməsi nəzərə alınsın. Qərarın icrası Gəncə şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar