Məhkəmə qərarları › İş №3(125)-768/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-768/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-768/2024 06.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1, Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 492.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X6 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 492.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 00900-00055/24 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 28853232 nömrəli 1 (bir) vaqonda Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçməklə gələn “Alüminium istehsalı prosesində istifadə olunan alüminium rulonların qablaşdırma və bükülməsi üçün avadanlıq” yükü xx.xx.2024-cü il tarixli **********2118 nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Gömrük orqanı tərəfindən qeyd olunan bəyannamə üzrə yük risk qrupuna salınmış, belə ki yükə və MMCnin fəaliyyət səhasinə baxış keçirilməsi üçün gömrük əməkdaşları MMC-nin ünvanına getmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin bəyannamənin gömrük orqanında buraxılışı təsdiq edilməmiş Şəxs MMC-nin ünvanına 28853232 nömrəli 1 (bir) vaqonda gələn yükün plombu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixli **********2118 nömrəli gömrük bəyannaməsində göstərilən 28853232 nömrəli vaqonda olan “Alüminium istehsalı prosesində istifadə olunan alüminium rulonların qablaşdırma və bükülməsi üçün avadanlıq” yükü eyniləşdirilmiş və bu zaman müəyyən edilmişdir ki, yük toxunulmadan və istifadə edilmədən saxlanılır. Bununla MMC tərəfindən gömrük qanunvericiliyinin tələbləri pozulmuş və İXM-in 492.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 ifadəsində plombun anbarda işləyən fəhlə tərəfindən ehtiyyatsızlıqdan qırılmasını, anbarda olan mallara müdaxilə edilmədiyini və plombun qırılmasında qəsd niyyətinin olmadığı nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini, bu mümkün olmadıqda isə plombu sındırmış fiziki şəxs X5 məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Gəncə Gömrük İdarəsinin nümayəndəsi X6 ifadəsində plombun sındırılması ilə əlaqədər hüquqi şəxs barəsində müvafiq protokol hal şahidlərinin iştirakı ilə tərtib edildiyini bildirərək hüquqi şəxsin inzibati tənbeh edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəisi Muraz Quliyevin xx.xx.2024-cü il tarixli raportundan görünür ki Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan 28853232 nömrəli vaqonda keçməklə təyinatı üzrə Gəncə Gömrük İdarəsinə gələn “alüminium istehsalı prosesində istifadə olunan alüminium rulonlarının qablaşdırma və bükülməsi üçün avadanlıq” yükü xx.xx.2024-cü il tarixli **********2118 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Bundan sonra gömrük əməkdaşları tərəfindən yükün açılıb baxış kemirilməsi üçün Şəxs MMC-nin ərazisinə gedilmiş və bu zaman məlum olmuşdur ki, MMC-nin səlahiyyətli nümayəndəsi gömrük əməkdaşının iştirakı olmadan vaqona vurulan gömrük təminatı vasitəsi olan plombu özbaşına qoparmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixli **********2118 sorğu nömrəli gömrük bəyannamə üzrə 28853232 nömrəli vaqonda olan yük eyniləşdirilmiş və mallar müdaxilə edilmədən və istifadə edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin “yükə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yaşıl dəhliz iştirakçısı Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan 28853232 nömrəli vaqonda keçməklə təyinatı üzrə Gəncə Gömrük İdarəsinə gələn “alüminium istehsalı prosesində istifadə olunan alüminium rulonların qablaşdırma və bükülməsi üçün avadanlıq” yükü xx.xx.2024-cü il tarixli **********2118 sorğu nömrəli bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Yaşıl dəhliz iştirakçısı olan Şəxs MMC gömrük orqanı tərəfindən yoxlama tələb olunduğu üçün risk qrupuna salınmış və gömrük bəyannaməsinin buraxılışı verilmədən yükə baxış keçirilməsi üçün Şəxs MMC-nin ərazisinə gedilmiş və bu zaman məlum olmuşdur ki, MMC-nin səlahiyyətli nümayəndəsi gömrük əməkdaşının iştirakı olmadan vaqona vurulan gömrük təminatı vasitəsi olan plombu özbaşına qoparmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixli **********2118 sorğu nömrəli gömrük bəyannamə üzrə 28853232 nömrəli vaqonda olan yük eyniləşdirilmiş və mallara müdaxilə edilmədən və istifadə edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 492.1 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və araşdırılma aparılmışdır. - Şəxs MMC-nin nümayəndəsi X4 “barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolda” olan izahatından görünür ki, Şəxs MMC-nin ünvanına Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçməklə Çin Xalq Respublikasından 28853232 nömrəli 1 (bir) vaqonda gələn yükə vurulan plombun gömrük əməkdaşının iştirakı olmadan qoparılmasının səbəbi yanlışlıqla işçinin səhvi nəticəsində baş vermişdir. Gömrük qaydalarının pozulduğunu etiraf edərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və Şəxs MMC barəsində tətbiq olunacaq cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Məhkəmə inzibati protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 492.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 492.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına gələn yüklərə vurulmuş plomb gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparılmış və vaqonda olan yük eyniləşdirilmiş və mallar müdaxilə edilmədən və istifadə edilmədən saxlanılmışdır. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 492.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 492.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC xx.xx.2024-cü il tarixli, 00900-00055/24 nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar