Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-775/2022 11.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, «X4» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: «X4» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, «X4» MMC tərəfindən Nəsrəddin Mehralıyeva ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli göstəriş xarakterli məktunun icra olunmaması halı aşkar olunmuşdur. Bununla da «X4» MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş materiallar isə natamamdır. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə əvvəla qeyd edir ki, X2 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə «X4» MMC-yə ünvanlanmış Nəsrəddin Mehralıyeva ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ********** nömrəli göstəriş xarakterli məktub əlavə olunsa da, həmin məktub ksero surət olmaqla, məktubun (göstərişin) həqiqətən də hüquqi şəxsin ünvanına göndərilməsi və hüquqi şəxsin həmin məktubu əldə etməsinə dair sübutlar (poçt məktublarının reyestri, poçt xəbərnaməsi, qəbz və s.) inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Halbuki, İnzibati xəta haqqında işə baxılarkən hüquqi şəxsin təqsirinin müəyyən edilməsi baxımından həmin sənədlərin protokola əlavə edilməsi zəruridir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan belə aydın olur ki, inzibati araşdırma zamanı hüquqi şəxsin qanunla müəyyən edilmiş nümayəndəsinə bu barədə məlumat verilmiş, buna baxmayaraq hüquqi şəxsin nümayəndəsi şöbəyə gəlməmişdir. Lakin, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən protokol tərtib edilməzdən əvvəl hüquqi şəxsə həqiqətən bu barədə məlumat verilməsini, yəni bu barədə bildirişin həqiqətən hüquqi şəxsin ünvanına göndərilməsini və ona çatdırılmasını təsdiq edən hər hansı mötəbər sənəd (məktubların reyestri, xəbərnamə və s.) iş materiallarına əlavə edilməmişdir. İşin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək (İXM-nin 100.1.7-ci maddəsi), işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır (İXM-nin 61-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «X4» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə regional ərazi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X6
Məhkəmə qərarları › İş №3(125)-775/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-775/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver