Məhkəmə qərarları › İş №3(125)-775/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-775/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-775/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsinin polis kiçik leytenantı X4, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.2, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 20:00-da sürücü Şəxs sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21150” minik markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsinin polis kiçik leytenantı X6 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:00-da sürücü Şəxs sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21150” minik markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Bununla bağlı isə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2, 333.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etdi . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21150” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə F.Əmirov küçəsində hərərkətdə olan zaman sükanı azacıq sola manevr etdirmiş, bu zaman qarşı tərəfdən düzünə hərəkətdə olaan “VAZ 21093” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. O, avtomobili idarə edən zaman sərxoş olmamış, hadisədən sonra “jaguar” içkisindən az miqdarda içmişldir. Hadisə zamanı heç kim xəsarət almasa da X2 maddi zərər dəymişdir. Həmin zərəri ödəməmiş və onların arasında barışıq əldə edilməmişdir. Onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasinda iştirak edən zərərçəkmiş şəxs X3 məhkəməyə izahat verərək, bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində “VAZ 2109” minik markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə F.Əmirov küçəsində düzünə hərəkətdə olarkən “VAZ 21015” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət zolağında yüksək sürətlə hərəkət etmiş, o, avtomobilin sürətini azaldıb dayanmaq istəsə də həmin avtomobil onun hərəkət zolağında yol-nəqliyyat hadisəsini törətmişdir. Hadisə zamanı o, heç bir xəsarət almasa da ona maddi zərər dəymişdir. Həmin zərəri qarşı tərəf ödəməmiş və onların arasında barışıq əldə edilməmişdir. Buna görə də onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “Gəncə avtomotoservis və ticarət” müəssisəsindən verilmiş 16 mart 2023-cü il tarixli qüsur aktından görünür ki, “VAZ 2109” minik markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin miqdarı 3133 (üç min yüz otuz üç) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 746/2023 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu (0.605 promill) olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 747/2023 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X3 ayıq olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi “VAZ 21150” minik markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, F.Əmirov küçəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq, X1 ayıq vəziyyətdə, sürücülük və idarəetmə hüququ olmaqla idarə etdiyi VAZ 21093 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur, lakin heç bir şəxsin xəsarət almamasına səbəb olan yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə VAZ 21093 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi zərər yetirildiyi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs sərxoş olması müəyyən edilmişdir. Buna görə də onun əməli düzgün olaraq İXM-in 333.1 və 333.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1 və 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı və iş materialları ilə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 333.1 və 333.3-cü maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.3-cü maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini İXM-in 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərər çəkmiş şəxslə barışıq əldə edilməməsini və dəymiş zərərin ödənilməməsini, onun məsuliyyətini ağırlaşdıran hall kimi inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini nəzərə alıb, qanunvericiliyin müddəalarına və işin faktiki hallarına əsaslanaraq iş üzrə toplanmış sübutları hərtərəfli və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli və onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olmasını ona inzibati həbs növündə tənbeh tədbirinin müddətini müəyyən edərkən nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclas zalından tutulduğu vaxtdan, yəni 11 aprel 2023-cü il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1 və 333.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 333.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 11 aprel 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsinə göndərilsin. Qərardan surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar