Məhkəmə qərarları › İş №3(125)-78/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-78/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-78/2025 08.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1950-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, X4 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşayan X2 məxsus evin hasarını uçuraraq ona 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X5 onun yaşadığı evin qarşısında yerləşən torpaq sahəsində, yəni həmin yerdən keçən yolu zəbt etmək üçün orada tikinti işləri aparmış, həmin tikinti işlərinin aparılmasından narazı olduğu üçün aralarında mütəmadi olaraq münaqişələri yaranmışdır. Buna görə də xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində X1 Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən torpaq sahəsində tikinti işləri apardığı evin hasarında olan daşları tökərək dağıtmışdır. Lakin zərərçəkmiş şəxsə dəymiş zərər 500 manat məbləğində müəyyən edilmişdir və o, müəyyən edilmiş zərərlə razı deyildir. Çünki zərər onun əməli nəticəsində dəyən zərərdən artıq göstərilmişdir. Hazırda maddi imkanı olmadığı üçün zərərdən ödəniş edə bilmir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdiklərini nəzərə alıb onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 məhkəməyə izahat verərək bildirdi ki, Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən 0.08 ha. ölçüdə olan torpaq sahəsi atası X3 məxsusdur və hazırda həmin torpaq sahəsində tikinti işləri aparır. Həmin torpaq sahəsinin qarşısında qonşuluqda yaşayan Şəxs ona məlum olmayan səbəbdən apardıqları tikinti işlərindən narazı olması səbəbindən mütəmadi münaqişələri olmuş, onu və digər ailə üzvlərini təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində həmin torpaq sahəsində tikinti işləri aparan fəhlə Kəmaləddin ona zəng edərək hörgüsü aparılmış hasarın dağıdıldığını və yararsız hala salınması barədə bildirmişdir. Bir neçə dəqiqə sonra, o, həmin evə gəlmiş və qonşusu Şəxs həmin hasarı dağıtdığını zənn etmiş, həmin vaxt Şəxs yaşadığı evdən çıxmış və hasarı dağıtdığını bildirmişdir. Həmin hasarın yararsız hala salınması nəticəsində ona 500 (beş yüz) manat məbləğində madd ziyan dəymişdir. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir və ona dəymiş zərərin ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin təhqiqatçısının xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən X2 məxsus evin hasarını uçurmaqla ona 500 manat məbləğində maddi ziyan vurulmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktı-rəyin surətindən görünür ki, X2 məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən evin hasarının uçurulması nəticəsində 500 (beş yüz) manat maddi zərər dəymişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasına əsasən inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın 1 (bir) misli miqdarında, yəni 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar