Məhkəmə qərarları › İş №3(125)-780/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-780/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-780/2023 20.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Babək küçəsi, ev 23 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 08 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 240 manat aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmiş icra hərəkətləri nəticəsində borclu aliment borcunu ödəmədiyi üçün onun barəsində 08 dekabr 2022-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən aliment borcunu iş üzrə zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs ödəmiş və bununla bağlı qəbzləri də icra məmuruna təqdim etmişdir. Lakin icra məmuru hazırda onun nə qədər aliment borcu olması barədə dəqiq məlumat verə bilmədiyindən onun aliment borcu olub-olmamasını dəqiq müəyyən etmək mümkün deyildir. Əgər hazırda aliment borcu varsa ödəməyə hazır olduğunu bildirdi. Bununla yanaşı onu da qeyd etdi ki, qızı X5 2-ci tip diabet diaqnozu ilə müalicə alır və bu səbəbdən də qızını faktiki olaraq 2022-ci ilin fevral ayından öz himayəsinə götürmüşdür. Yuxarıda qeyd edilənlərin və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) X3 məhkəməyə izahat verərək, bildirdi ki, Şəxs aliment borcundan ödəniş etmədiyi üçün hazırda onun müəyyən məbləğdə aliment borcu vardır. Borclu aliment borcunu qərəzli olaraq ödəmir. Şəxs aliment borcunu ödəmədiyi üçün icra sənədi verildiyi gündən bu günədək tələbkar uşağa baxmaqda çox çətinliklərlə üzləşmişdir. Ona görə də Şəxs hazırda aliment borcunu tam şəkildə ödəməsini, əks halda isə onun barəsində ciddi tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qeyd edilsə də, onun həmin tarixdən alimenti ödəyib-ödəməməsi və aliment borcunun olub-olmaması iş materiallarından aydın deyildir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədini qanunla müəyyən edilmiş vaxtda icra etmədiyinə görə Şəxs barəsində 08 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta İnzibati Xətalar Məcəlləsinin “idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yerləşir və qeyd edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti həmin vaxt qüvvədə olan İXM-nin 38.1-ci maddəsinə əsasən üç aydır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-1128/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-145/2023 saylı, 03 mart 2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 3(125)-1128/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi icra məmuru tərəfindən inzibati xəta haqqında protokol 08 dekabr 2022-ci il tarixdə tərtib edilmiş, hazırki inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi və işə baxıldığı günədək üç aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə inzibati xətalar qanunvericiliyinin tələbini və iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alıb hesab edir ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanımış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar