Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-782/2024 06.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, X1 xx.xx.2024-cü il tarixli, EQ/19079957 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X4 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19079957 nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi və mülkiyyətində olan Chevrolet Cruize markalı **-FG-*** dövlət nişanlı avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə gələn zaman Bakı - Qazax yolunun müxtəlif kilometrlərində sürücülük hüququ olmadan idarə idarə etmə əsası ilə kameralara düşmüş və kameralar vastəsilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 328.3-cü maddəsi ilə bir neçə dəfə Gəncə şəhərinə çatanadək yol boyu inzibati cərimə tətbiq edilmişdir. Məlumat üçün bildirmişdir ki, qeyd olunan qərarlar ona rəsmi qaydada təqdim edilməmiş, yalnız bununla bağlı məlumatı Sms radar proqramı vastəsilə əldə etmişdir. Hesab edir ki, bu qanunsuzdur və həmin inzibati xəta haqqında protokol və qərarlar ləğv edilməlidir. Avtomobil ilə Bakı şəhərindən hərəkətə başlayan zaman onun sürücülük hüququ olmuş, sürücülük hüququnun məhdudlaşdırılması barədə onun heç bir məlumatı olmamışdır. Görünür avtomobillə Bakı-Qazax yolunda hərəkətdə olan zaman hansısa yol qayda pozuntusu törətdiyindən avtomatik olaraq pozuntu kameralar vasitəsilə müəyyən olunmuş və avtomatlaşdırılmış qaydada sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı elektron qaydada qərar qəbul edilmiş və bu məlumat mərkəzi informasiya bazasına ötürülmüşdür. SMS radar vasitəsilə əldə etdiyi məlumata əsasən bu qayda pozuntusunun qeydə alınma yeri Bakı-Qazax yolunun 205.7-ci km olmuş və bu barədə İXM-nin 328.3-cü maddəsi ilə protokol və qərar qəbul edilərək 50 manat miqdarında cərimə olunmuşdur. Bundan sonra yuxarıda qeyd etdiyi kimi bütün yol boyu quraşdırılmış kameralar, eləcə də Gəncə şəhərində yerləşdirilmiş kameralar bu halı nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobili idarəetmə kimi qəbul edərək artıq barəsində İXM-nin 328.3-cü maddəsi ilə əsassız olaraq protokollar tərtib etmişdir. Onun tərtib edilmiş protokoldan və qəbul edilmiş qərardan məlumatı olması mümkün deyil. Əməlin təkrarən törədilməsi halı əməldə qərəzli və məqsədli şəkildə törədildiyi halda mümkün olur. Hazırki vəziyyətdə isə onun ümumiyyətlə həmin vaxtlarda sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatı olmayıb və olada bilməzdi. Bütün hərəkət o, avtomobili ilə Bakı-Qazax yolu ilə üzü Qazax istiqamətində hərəkət edərkən yolda baş vermiş və bütün hərəkətlər elektron qaydada qeydə alınaraq onlayn qaydada qərar qəbul edilmişdir. Hesab edir ki, onun barəsində tərtib edilən protokol və qərarda göstərilən əməldə nəinki qərəzi olmamış heç bundan məlumatlı da olmamışdır. Başqa sözlə desək inzibati xətanın əlamətlərinin olması üçün onun qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi halı olmalıdır. Hazırkı vəziyyətdə nə əməlin qəsdən nə də ki, ehtiyatsızlıqdan törədilməsindən söhbət gedə bilməz. Odur ki, barəsində inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan EQ/19079957 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X2 barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə inzibati xəta törətmiş və inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara xətanın növü və yeri, saat, avtomobilin markası və qeyddiyat nömrəsi qeyd edilsə də, xüsusi texniki vasitə ilə çəkilmiş foto şəkillər kameranın nömrəsi qeyd edilməmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. - 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Hazırki iş üzrə şikayətdə qeyd edilən halların araşdırılması məqsədilə Azərbaycan Respublikası Baş X4 İdarəsinə nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı bildiriş ünvanlanmışdır. Lakin Azərbaycan Respublikası Baş X4 İdarəsi nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən məhkəmə iclası 5 iclas təxirə salınmışdır. Belə olan halda məhkəmə şikayətdə göstərilən halları şikayətçinin xeyrinə həll etməyi məqsədəmüvafiq hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, EQ/19079957 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində olan EQ 19079957 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərov
Məhkəmə qərarları › İş №3(125)-782/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-782/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver