Məhkəmə qərarları › İş №3(125)-787/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-787/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-787/2025 21.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq döymüş və bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin sahə rəisi X3 çıxışında Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi barədə DİN 102 zəng xidməti mərkəzinə müraciət etdiyini, məsələ ilə bağlı Təhqiqat Bölməsində araşdırma aparıldığını qeyd etmiş və bununla bağlı tərəfindən protokol tərtib edildiyini bildirmişdir. İfadəsinin sonunda o, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs bildirmişdir ki, Gülarəni onun kürəkəni Nurəddin Abuzərov vasitəsi ilə tanımış, onlar arasında torpaq alğı-satqısı olmuşdur. Gülarənin onun barəsində dələduzluq etməyi ilə bağlı etmiş olduğu müraciət ilə əlaqədar Abşeron RPŞ-də istintaq davam etdirilir. Bu məsələ ilə bağlı Gülarə ilə onun arasında telefon danışığı olmuş və onlar barışmaq qənaətinə gəlmişlər. xx.xx.2025-ci il tarixdə onlar cinayət işi üzrə məsləhət almaq üçün vəkilin yanına getmiş, vəkil isə barışmaq üçün Abşeron RPŞ-nə getməli olduqlarını bildirmişdir. Bundan sonra vəkilin ofisindən çıxmış, Gülarə ondan avtomobil ilə “Xanımın dükanı” adlanan yerə aparmasını xahiş etmişdir. Avtomobildə heç bir mübahisə olmamış əksinə onlar arasında barışıq olmuşdur. Daha sonra “Xanımın dükanı” adlı yerə çatmağa az qalmış Gülarə avtomobildən özünü yerə atmışdır. Həmin vaxt o, Gülarəni öldürməklə hədələməmiş və onu boğmamışdır. Gülarənin onun barəsində dedikləri şər və böhtandır. O, Gülarəni itələyərək yerə yıxmamışdır. Gülarə özünü yerə atdıqdan sonra təcili tibbi yardım avtomobili gəlmiş və Gülarəni xəstəxanaya aparmışlar. O, bu barədə özü polisə məlumat vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs əvvəllər də ona şər və böhtan atmış, lakin həmin vaxt da Gülarə heç bir sübut təqdim edə bilməmiş və iş üzrə də icraata xitam verilmişdir. İfadəsinin sonunda o, məhkəmədən ədalətli qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxışında bildirmişdir ki, o, Şəxs 2014-cü ildən tanıyır. Onlar arasında torpaq alğı-satqısı olmuşdur. Onun şikayəti əsasında Qürbətin dələduzluq etməsi ilə bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırma aparılır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Qürbətlə Gəncə şəhər Baş Polis İdarəsinin qarşısında görüşüb vəkildən məsləhət aldıqdan sonra Qürbətə onu evə düşürməsini xahiş etmişdir. Lakin Qürbət onu başqa istiqamətə, yəni Ş.İ.Xətai prospekti ilə “Xanımın dükanı” adlanan yer tərəfə aparmışdır. Həmin vaxt Qürbətlə aralarında mübahisə yaranmış və Qürbət onu ilk öncə bıçaqla, daha sonra isə boğaraq öldürmək istəmiş və onu avtomobildən itələyərək yerə atmışdır. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq o, Şəxs üç hərəkəti eyni anda etməsini, yəni onun boğazından yapışaraq boğmaq istəməsini, yan tərəfdən itələməsini və avtomobilin qapısını açaraq yerə atmasını bildirmişdir. Bundan sonra təcili tibbi yardım avtomobili ilə onu Abbas Səhhət adına xəstəxanasına aparmışlar. İfadəsinin sonunda Qürbətlə barışmaq niyyətinin olmadığını bildirərək, sonuncunun niyyətinin onu öldürmək olmasını, təhqiqat orqanı tərəfindən inzibati işin düzgün araşdırılmadığını və buna görə də iş materiallarını yenidən təhqiqat orqanına qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında hadisənin şahidi olmuş X2 şahid qismində ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən 14:30 radələrində Gəncə şəhəri, “Pasyolka” deyilən ərazidə “Xanımın dükanı” deyilən mağazanın qarşısında dayanmış, həmin vaxt göy rəngli, “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən avtomobildə olan xanımın özünü avtomobildən yerə atdığını görmüşdür. Bu vaxt vaxt arxadan gələn avtomobildəki insanlar xanımın ətrafına toplaralaşaraq onu ayağa qaldırmağa çalışmışlar. Avtomobildə xanımdan başqa avtomobili idarə edən sürücü olmuş və onlar arasında avtomobildən düşməmişdən qabaq hər hansı mübahisə baş verdiyini və sürücünün xanıma xəsarət yetirdiyini görməmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 129 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki said, sol bud nahiyələrinin və sol əlin üst səthinin qançırları, boyun nahiyəsinin sıyrıqları-küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlər Zərərçəkmiş şəxs özü tərəfindən də yetirilə bilər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlardan, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə onunla Zərərçəkmiş şəxs ilə arasında mübahisə olmamış, həmin vaxt o, G. Teymurovanı döyməmiş, ona qəsdən fiziki ağrı yetirməmişdir. Bu fakt həmçinin işdəki digər sübut - şahidin ifadəsində öz təsdiqini tapmışdır. Belə ki, şahid də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs döyməsini görmədiyini bildirmişdir. Bundan başqa iş üzrə məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 129 saylı rəyində göstərilmişdir ki, qeyd edilən xəsarətlər Zərərçəkmiş şəxs özü tərəfindən də yetirilə bilər. Həmçinin məhkəmə Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq Şəxs onu həm boğazından tutaraq boğmaq istəməsini, həm də eyni anda itələyərək avtomobilin sol yan qapısını açıb onu yerə atmasını (üç hərəkəti eyni anda) inandırıcı hesab etmir. Çünki məhkəmə baxışı zamanı hadisə baş verən zaman şəhər təhlükəsizlik kamerasının görüntüsündən əldə edilmiş video diskə baxış keçirilən zamanı zərərçəkmiş şəxsin hadisə baş verən gün, yəni xx.xx.2025-ci il tarixdə avtomobildən özünü yerə atdığı aydın görünür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanının (vəzifələri şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdəki mötəbər sübutlarla xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs döyməsi öz təsdiqini tapmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qanuna görə belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi isə bu icraatı başlamış şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar