Məhkəmə qərarları › İş №3(125)-790/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-790/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-790/2022 26.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə İncivan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində Gəncə şəhəri, 28 May küçəsində tanışları ilə pul qarşılığında kartla qumar oyununda iştirak etmişdir. Bununla da o, İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi tərəfindən MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs tanışları ilə pul qarşılığında qumar oyununda iştirak etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokolda qeyd olunan əməl həqiqətən də onun tərəfindən törədilmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, 28 May küçəsində tanışları ilə yeyib-içdikdən sonra oyun kartı ilə qumar oynayarkən polis əməkdaşları gələrək onların qumar oynadıqlarını görmüşlər. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Gəncə şəhəri, 28 May küçəsində tanışları ilə pul qarşılığında kartla qumar oyununda iştirak etmişdir. Həmin vaxt inzibati xətanın predmeti olan 351 (üç yüz əlli bir) manat pul vəsaiti və 01 (bir) ədəd oyun ləvazimatı olan kart dəsti götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.5) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində inzibati xətanın predmeti, yəni oyun ləvazimatı olan 36 ədəddən ibarət bir ədəd kart dəsti və qumara qoyulmuş 1 ədəd 100 manat, 2 ədəd 50 manat, 4 ədəd 20 manat, 3 ədəd 10 manat, 8 ədəd 5 manat və 1 ədəd 1 manatlıq pul əskinazlarından ibarət olan cəmi 351 (üç yüz əlli bir) manat pul vəsaiti müsadirə edilməklə, o, 3000 (üç min) manat inzibati cərimə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın predmeti, yəni oyun ləvazimatı olan 36 ədəddən ibarət bir ədəd kart dəsti və qumara qoyulmuş 1 ədəd 100 manat, 2 ədəd 50 manat, 4 ədəd 20 manat, 3 ədəd 10 manat, 8 ədəd 5 manat və 1 ədəd 1 manatlıq pul əskinazlarından ibarət olan cəmi 351 (üç yüz əlli bir) manat pul vəsaiti müsadirə edilməklə, Şəxs 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar