Məhkəmə qərarları › İş №3(125)-794/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-794/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-794/2022 10.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, prokuror, Gəncə şəhər prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, fiziki şəxs Şəxs Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən qəbul edilmiş inzibati xəta haqqında icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2022-ci il tarixli Qərarda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli, 25 nömrəli Əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə, habelə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən və saxlama müddəti ötmüş ət məhsullarını xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə Gəncə şəhəri ərazisində yerləşən “Grand Qafqaz Ticarət Mərkəzi”ndə icarəyə götürdüyü qeyri-yaşayış sahəsində aylıq 225 (iki yüz iyirmi bes) manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-in 398-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 2020-ci ilin yanvar ayından vergi uçotuna durmadan “Grand Qafqaz Ticarət Mərkəzi”ndə ət satışını həyata keçirmiş, aylıq qazancı təxminən 225 manat təşkil etmişdir. Lakin, o, savadsız olduğu üçün bunun inzibati xəta olduğunu bilməmiş, belə ki, fəaliyyət göstərdiyi “Grand Qafqaz Ticarət Mərkəzi” ilə aralarında razılaşma olmuş, ona icarəyə mağaza verilmiş və VÖEN açdırmalı olduğu deyilməmiş, vergidən ona heç bir müraciət olmamış və ona bazarın müdiriyyəti tərəfindən vergidən azad olunduğu bildirilmişdir. Sonda o, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X3 bildirmişdir ki, Şəxs xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək olan müddətdə Gəncə şəhəri ərazisində yerləşən “Grand Qafqaz Ticarət Mərkəzi”ndə icarəyə götürdüyü qeyri-yaşayış sahəsində aylıq 225 manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bununlada Şəxs İXM-nin 398-ci maddəsi ilə xəta törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məktubundan görünür ki, Agentliyin mütəxəsisləri tərəifndən “Grand Qafqaz Ticarət Mərkəzinin” ət satışı sahəsinə baxış keçiirlmiş, ümumi çəkisi 17 kq ət məhsulunun orqanoleptiki üsulla ekspertizası zamanı istifadəyə yarasız olması barədə əsaslandırılmış sübhələr yaranmış, aparılmış araşdırma zamanı həmin ətin Şəxs məxsus olduğu müəyyən edilmiş və ətlərdən ekspertiza üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim edilmişdir. Təqdim edilmiş nümunələrin tərkibində “patogen-E.coli” normadan çox ətin köhnə və ölmüş heyvana məxsus olduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Şəxs vergi orqanında vergi uçotunda olmadığı müəyyən edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, X5 və Şəxs tərəfindən baytarlıq-sanitariya tələblərinə cavab verməyən ət və ət məhsullarının satılması barədə X2 xx.xx.2022-ci il tarixdə Baş İdarəyə daxil olmuş material əsasında aparılmış araşdırma nəticəsində həmin şəxslərin əməllərində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398 və 447-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə araşdırma materialı və qərarın surəti Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə təqdim edilməsi qərara alınmışdır. Şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə ünvanladığı izahatından görünür ki, o, vergi orqanında uçota durmadan ət satışı ilə məşğul olduğu müddətdə gündəlik 10-15 kq ət məhsulu satmış, həmin ətin hər bir kiloqramını müxtəlif şəxslərdən 6 manat 50 qəpiyə almış və 7 manata satmışdır. Gündə 7 manatdan 7 manat 50 qəpiyə kimi qazanc əldə etmiş, həmin qazanc ayda təxminən 225 manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMnin 398-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, onun fəaliyyət dövründə hər ay 225 manat aylıq qazancı olması nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə tənbehi tətbiq edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məşğul olsa da, həmin inzibati xəta davam edən inzibati xəta olduğundan və inzibati məsuliyyətə cəlb etmə müddəti aşkar çıxdığı vaxtdan hesablandığından, bununla belə qərarın çıxdığı gündən 1 il əvvəlki xətalara görə cəlb etmə müddəti keçdiyindən, tənbeh tətbiq edilərkən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək törədiyi xətaya görə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əldə edilmiş gəlirin 2 (iki) misli miqdarında, yəni 2250 (iki min iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar