Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-795/2022 01.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən qəbul edilmiş inzibati xəta haqqında icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2022-ci il tarixli Qərarda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli, 25 nömrəli Əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə, habelə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən və saxlama müddəti ötmüş ət məhsullarını xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan müddətdə Gəncə şəhəri ərazisində yerləşən “Grand Qafqaz Ticarət Mərkəzi”ndə icarəyə götürdüyü qeyri-yaşayış sahəsində aylıq 225 (iki yüz iyirmi bes) manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-in 398ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 2022-ci ilin yanvar ayından vergi uçotuna durmadan “Grand Qafqaz Ticarət Mərkəzi”ndə ət satışını həyata keçirmiş, aylıq qazancı təxminən 225 manat təşkil etmişdir. Lakin, o, bunun inzibati xəta olduğunu bilməmişdir. Belə ki, fəaliyyət göstərdiyi “Grand Qafqaz Ticarət Mərkəzi” ilə aralarında razılaşma olmuşdur ki, əgər o, qazanc əldə etsə yenidən vergi ödəyicisi kimi qeydiyyata duracaqdır. O, sadəcə üç ay fəaliyyət göstərmiş və qazandığı məbləği icarə haqqı kimi ödəmiş, özünə isə heç bir qazanc qalmamışdır. Bu səbəbdən onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməyindən və onda işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmadığından, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, elektron uçot-məlumat bazasına əsasən AZ2002, ünvan 2 ünvanında qeydiyyatda olan fiziki şəxs Şəxs vergi ödəyicisi kimi xx.xx.2013-cü il tarixdə ********** saylı VÖEN-lə vergi uçotuna alınmışdır. Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən, vergi ödəyicisi sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarını xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırmışdır. Hazırda fəaliyyəti dayanmış vəziyyətdədir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Şəxs və X2 tərəfindən baytarlıq-sanitariya tələblərinə cavab verməyən ət və ət məhsullarının satılması barədə X1 xx.xx.2022-ci il tarixdə Baş İdarəyə daxil olmuş material əsasında aparılmış araşdırma nəticəsində həmin şəxslərin əməllərində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398 və 447-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə araşdırma materialı və qərarın surəti Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə təqdim edilməsi qərara alınmışdır. Şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə ünvanladığı izahatından görünür ki, o, vergi orqanında uçota durmadan ət satışı ilə məşğul olduğu müddətdə gündəlik 10-15 kq ət məhsulu satmış, həmin ətin hər bir kiloqramını müxtəlif şəxslərdən 9 manat 50 qəpiyə almış və 10 manata satmışdır. Gündə 5 manatdan 7 manat 50 qəpiyə kimi qazanc əldə etmiş, həmin qazanc ayda təxminən 225 manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs İXMnin 398-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, 3 aylıq fəaliyyət dövründə hər ay 225 manat aylıq qazancı olması nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, əldə edilmiş gəlirin 2 (iki) misli miqdarında, yəni 1350 (min üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-795/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-795/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver