Məhkəmə qərarları › İş №3(125)-80/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-80/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-80/2022 06.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİnin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsindən polis sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsindən polis sahə rəisi, polis mayoru X3 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə 055 614 20 27 nömrəsindən DİN-nin 102 xidmətinə məlumat daxil olmuş, HK-1/516 sayda qeydə alınan məlumatla bağlı polis əməkdaşları ünvan 1 ünvanına getmiş, orada yaşayan X1 əri Şəxs ilə münaqişə yaşadığı məlum olmuş, polis əməkdaşları Şəxs sakitləşdirərək polis bölməsinə dəvət etsələr də, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə rəsmi boşandığı keçmiş arvadı Vüsalə Əliyeva ilə aralarında mülk üstündə mübahisə yaranmış, həmin vaxt Vüsalə DİN 102 xidmətinə zəng etdiyi üçün polis əməkdaşları Vüsalənin yaşadığı ünvan 1 ünvanına gəlmişlər. Polis əməkdaşları ondan sakitləşməsini tələb etsə də o, əsəbi olduğu üçün polisin qanuni tələblərinə tabe olmamışdır. Sonda o, əməlindən peşman olduğunu, birdə oxşar hallara yol verməyəcəyini söz verərək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar