Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-80/2025 08.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Təbriz küçəsində “Təbriz” marketin yaxınlığında yerləşən işlədiyi köşkdə satışı qadağan olunmuş malların, yəni pirotexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Bununla da o, İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 tərəfindən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini səmimi etiraf edərək bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilmiş əməl onun tərəfindən törədilmişdir. Hazırda əməlindən peşmandır və bir daha belə pozuntulara yol verməyəcəkdir. Buna görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 19 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Şəxs petards - 4 (dörd) ədəd, sterminator (fişəng balaca) - 3 ədəd, EK 6207 – 4 ədəd, EK23 – 1 ədəd, TP1500 – 5 ədəd, P750 – 5 ədəd, Qara üçkünc – 10 ədəd, P500 – 6 ədəd, Ground Bloom – 2 ədəd, EK0203B (yaşıl) – 10 ədəd, Qırmızı EK04 – 5 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanunu ilə (9-cu bənd) partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların sırasına aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Təbriz küçəsində “Təbriz” marketin yaxınlığında yerləşən işlədiyi köşkdə tez alışan pirotexniki vasitələrinin qeyri-qanuni olaraq satışının həyata keçirilməsi aşkar edilmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş, protokolda Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf etmişdir. Eyni zamanda aşkar olunmuş pirotexniki vasitələr onun iştirakı ilə akt tərtib olunaraq götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı inzibati məsuliyyəti və inzibati tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 442-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs mülkiyyətində olan, hazırda məhkəmənin inzibati binasında saxlanılan, inzibati xətanın bilavasitə obyekti olmuş petards - 4 (dörd) ədəd, sterminator (fişəng balaca) - 3 ədəd, EK 6207 – 4 ədəd, EK23 – 1 ədəd, TP1500 – 5 ədəd, P750 – 5 ədəd, Qara üçkünc – 10 ədəd, P500 – 6 ədəd, Ground Bloom – 2 ədəd, EK0203B (yaşıl) – 10 ədəd, Qırmızı EK04 – 5 ədəd pirotexniki vasitələr müsadirə olunsun. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-80/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-80/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver