Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-803/2025 05.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs Haqverdiyeva Həbibə İsmayıl qızının, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 03 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Haqverdiyeva Həbibə İsmayıl qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Haqverdiyeva Həbibə İsmayıl qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 03 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə Daşkəsən Regional Şöbəsinin 03 fevral 2025-ci il tarixli M ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş İnzibati Xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə edilmişdir. Aşağıdakılara əsasən barəsində çıxarılmış İnzibati tənbeh vermə haqqında 03 fevral 2025-ci il tarixli qərarını əsassız hesab edir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən mənim mart ayınına kimi işçilərlə müqavilə bağlamaq müddəti vardır. Qanuni müqavilə bağlamaq üçün müddətinin olmasına baxmayaraq 27 yanvar 2025-ci ildə ona xəbərdarlıq məktubu göndərilib. Məktub ona çatmamış 22 yanvar 2025-ci ildə protorkol tərtib edib onu cərimə ediblər. O, isə 24 yanvar 2025-ci ildə işçilərin hamısı ilə sığorta müqaviləsi bağlamışdır. 2025-ci ilin 03 fevralında isə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi o, işçilərlə sığorta müqaviləsi bağladıqdan sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən İnzibati Xəta hadisəsi və əməlində inzibati xəta tərkibi olmdığına görə barəsində tərtib edilmiş 03 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli iş üzrə inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında Haqverdiyeva Həbibə İsmayıl qızı çıxışında bildirmişdir ki, fərdi sahibkar kimi fəaliyyət göstərir, 10 nəfər işçisi var. O, 24 yanvar 2025-ci il tarixdə sığorta müqaviləsi bağladığını, fevral ayında isə 1500 manat inzibati cərimə edildiyini bildirərək barəsində tərtib edilmiş 03 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarın əsassız olduğunu qeyd edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X2 ifadəsində bildirmişdir ki, Haqverdiyeva Həbibə İsmayıl qızı barəsində inzibati protokol tərtib edilən gün, yəni 22 yanvar 2025-ci il tarixə qədər o, icbari sığorta müqavilə bağlamamışdır. Sahibkar barəsində protokol tərtib edildikdən sonra 24 yanvar 2025-ci il tarixdə o, icbari sığorta müqaviləsi bağlamışdır. Lakin həmin vaxt protokol artıq qüvvədə olmuş və həmin protokol əsasında 03 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan: - 22 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Haqverdiyeva Həbibə İsmayıl qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələbini pozaraq işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı təmin etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 03 fevral 2025-ci il tarixli M ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixədək Haqverdiyeva Həbibə İsmayıl qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələbini pozaraq işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə Haqverdiyeva Həbibə İsmayıl qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - DƏMX Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Haqverdiyeva Həbibə İsmayıl qızına ünvanlanmış 22 yanvar 2025-ci il tarixli 3-17-5/2-H-5704/2025 saylı məktubdan görünür ki, Haqverdiyeva Həbibə İsmayıl qızı sığorta müqaviləsini bağlamadığı üçün 22 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixdə saat 16:00-da DƏMX Gəncə-Daşkəsən regional şöbəsinə dəvət olunmuşdur. - 24 yanvar 2025-ci il tarixli icbari sığorta müqaviləsinin surətindən görünür ki, Haqverdiyeva Həbibə İsmayıl qızı ilə "xxxx" ASC arasında İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2- ci, 192.1 - 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 - 203-cü, 205-1.1-ci, 469.2- ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutur və icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Haqverdiyeva Həbibə İsmayıl qızına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən işəgötürülənlə əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsinin tələblərini pozması, yəni işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olmasının müəyyən edilməsi barədə məlumat verilmiş, qeyd edilən faktın araşdırılması üçün Əmək Müfəttişliyi Xidmətinə dəvət olunmuş, lakin şikayət verən şəxs Əmək Müfəttişliyi Xidmətinə getməmiş və tərəfindən göstərilən faktı təkzib edən heç bir sənəd təqdim etməmiş, buna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, bu barədə də ona rəsmi məlumat verilmişdir. Haqverdiyeva Həbibə İsmayıl qızına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 03 fevral 2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı isə müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir, Haqverdiyeva Həbibə İsmayıl qızının inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmişdir, habelə Haqverdiyeva Həbibə İsmayıl qızı qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Həmçinin iş materialları və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Haqverdiyeva Həbibə İsmayıl qızı ilə "xxxx" ASC arasında bağlanmış 24 yanvar 2025-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsini barəsində inzibati xəta haqqında barəsində protokol tərtib edildikdən sonra yəni, 22 yanvar 2025-ci il tarixindən sonra bağlanmışdır. Ona görə də Haqverdiyeva Həbibə İsmayıl qızı xx.xx.2025-ci il tarixdə sığorta müqaviləsinin bağlanmasını əsas gətirərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, Haqverdiyeva Həbibə İsmayıl qızı tərəfindən icbari sığorta müqaviləsinin bağlanmamasında qanun pozuntusuna yol verilməsi faktı müəyyən edildiyindən qeyd olunan əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkibinin yaratması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 03 fevral 2025-ci il tarixli M ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Haqverdiyeva Həbibə İsmayıl qızının şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 03 fevral 2025-ci il tarixli M ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-803/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-803/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver