Məhkəmə qərarları › İş №3(125)-805/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-805/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-805/2023 22.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs nümayəndələri X2 və X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, 11000-01658/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, 11000-01658/23 nömrəli inzibati xəta haqqında iş üzrə materiallardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs ünvanına “Kamaz 5410” markalı 99JL010/10ZX018 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində idxal olunmuş yüklərə 2 mart 2023-cü il tarixdə keçirilmiş gömrük yoxlaması zamanı, yüklərin içərisindən Birliyin adına tərtib olunmuş **********2374, **********550 və **********2773 sorğu nömrəli xx.xx.2023-cü il tarixli və **********3393 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə gömrük orqanına bəyan edilmiş yüklərdən əlavə digər, yəni gömrük bəyannaməsi ilə bəyan olunmayan 15 ədəd “54***- *******-10 CAS” kodlu boru, 28 ədəd “642***-*******0 CAS” kodlu budaq borusu, 41 ədəd “403010 CAS” kodlu uzadıcı, 188 ədəd “642***-******* CAS” kodlu yaxalıq, 100 ədəd “64***-******* CAS” kodlu adapter, 100 ədəd “403355 CAS” kodlu uzadıcı, 17 ədəd “54***- ******* CAS” kodlu qol, 13 ədəd “64***-*******-020 CAS” kodlu boru, 10 ədəd “64***-*******- 10 CAS” kodlu vərəq, 1 ədəd “5***-******* U CAS” kodlu sol şüşə qaldırıcı, 33 ədəd “5***- ******* CAS” kodlu buruq, 1 ədəd “64***-******* U CAS” kodlu dartma, 28 ədəd “642***- ******* U CAS” kodlu qolluq, 10 ədəd “5***-******* U CAS” kodlu sağ şüşəqaldırıcı, 50 ədəd “4***-******* CAS” kodlu künclük, 45 ədəd “402766 CAS” kodlu künclük, 12 ədəd “543***- ******* U CAS” kodlu qapaq, 5 ədəd “***-******* CAS” kodlu pilləkən qulağı, 50 ədəd “5***- ******* CAS” kodlu lyuk qolu, 7 ədəd “64***-******* CAS” kodlu dəstək, 16 ədəd “64***- ******* CAS” kodlu künclük, 20 ədəd “***-******* CAS” kodlu buruq, 7 ədəd “6***-*******-010 CAS” kodlu qol, 7 ədəd “6***-*******-010 CAS” kodlu qol, 83 ədəd “64***-*******-01 CAS” kodlu mastik, 5 ədəd “64***-*******-10 CAS” kodlu adapter, 3 ədəd “PA8090 CAS” kodlu elektron spidometr, 12 ədəd “DQS-M-24-01 CAS” kodlu hidrosiqnolizator sensoru, 50 ədəd “840.117030-A (T6307K) CAS” kodlu yanacağın təmizlənmə filtrlərinin dəyişdiriləbilən elementi, 50 ədəd “DİFA4301M CAS” kodlu havatəmizləyicinin dəyişdiriləbilən elementi və 2 ədəd “64***-******* CAS” kodlu distributor ilə sükan qurğusu olmaqla, ümumilikdə 31 adda 1009 ədəd kənd təsərrüfatı texnikasına aid ehtiyyat hissələri aşkar edilmişdir. Aparılan araşdırma ilə əlaqədar “Kamaz 5410” markalı 99JL010/10ZX018 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində idxal olunmuş yüklərlə bağlı qısa idxal bəyannamələrinin əldə olunması üçün xidməti qeydlə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinə sorğu verilmiş və nəticədə 23 fevral 2023-cü il tarixdə ölkə ərazisinə gətirilən zaman “Kamaz 5410” markalı 99JL010/10ZX018 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində daşınan yüklərlə bağlı 5 ədəd qısa idxal bəyannaməsinin mövcud olduğu, həmçinin **********6367 sorğu nömrəli qısa idxal bəyannaməsinin tam rəsmiləşdirilməsi üçün gömrük bəyannaməsinin tərtib olunmadığı müəyyən edilmişdir. Aparılan araşdırma ilə əlaqədar gömrük bəyannaməsinin tərtib olunması üçün Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş mala gömrük xidmətinin X1 Sistemində qeydiyyat kodunun verilməsinin zəruri olub-olmaması, idxal olunmuş mala malın qeydiyyat kodu verilmədiyi təqdirdə bu barədə gömrük bəyannaməsinin tərtib edilməsinin mümkün olub-olmaması barədə məlumat əldə edilməsi üçün xidməti qeydlə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinə sorğu verilmiş və nəticədə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş mala gömrük xidmətinin X1 Sistemində qeydiyyat kodunun verilməsinin zəruri olduğu qeyd olunmuşdur. Aparılan araşdırma ilə əlaqədar 31 adda 1009 ədəd kənd təsərrüfatı texnikasına aid ehtiyat hissələrinin ayrı-ayrılıqda və ümumilikdə dəyərini müəyyən etmək məqsədilə ekspertiza təyin olunmuş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1960 nömrəli 27 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən təqdim edilmiş ehtiyat hissələrin xx.xx.2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti 26612 manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi bazar qiymətinə müvafiq olaraq mənşəyini təsdiq edən sənəd təqdim edildiyi və ya edilmədiyi təqdirdə Belarus istehsalı mallara görə ödənilməli olan gömrük ödənişlərinin məbləğləri barədə məlumatların əldə olunması üçün Qərb Ərazi Baş Gömrük İdarəsinə sorğu verilmiş və sorğuya cavabda malın mənşəyini təsdiq edən sənəd təqdim edildiyi təqdirdə ödənilməli olan gömrük ödənişlərinin ümumi məbləğinin 5030,16 manat, müvafiq sənəd təqdim edilmədiyi təqdirdə isə ödənilməli olan gömrük ödənişlərinin ümumi məbləğinin 6600,27 manat təşkil etdiyi qeyd olunmuşdur. Aparılan araşdırma ilə əlaqədar hüquqi şəxs - Şəxs rəhbəri və ya qanuni təmsilçisi, Birliyin, həmçinin onun rəhbərinin və ya qanuni təsmilçisinin vergi borclarının olub-olmaması, habelə rəhbərlik etdiyiniz Baş İdarədə barələrində araşdırılması aparılan material və ya cinayət işinin olub-olmaması, olduğu təqdirdə aparılmış araşdırmanın mahiyyəti və nəticəsi barədə məlumatların əldə olunması üçün 3- 33/2-005523/2023 nömrəli 29 mart 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinə sorğu ünvanlanmış, lakin bugünədək həmin sorğuya cavab verilməmişdir. Beləliklə, iş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs ünvanına “Kamaz 5410" markalı 99JL010/10ZX018 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində idxal olunmuş 31 adda 1009 ədəd kənd təsərrüfatı texnikasına aid ehtiyat hissələri yükləri ilə bağlı gömrük orqanına gömrük bəyannaməsi təqdim olunmamış və həmin yüklər gömrük orqanına bəyan edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Qərb Ərazi Baş Gömrük İdarəsindən 160-013/0xx-xx/001611 nömrəli 27 mart 2023-cü il tarixli məktubla daxil olmuş material, 2 mart 2023-cü il tarixli “Nəqliyyat vasitəsinin yoxlanılması və yükə baxış keçirilməsi haqqında” protokol, işdə olan sorğu-sual protokolları, aidiyyəti üzrə göndərilən sorğular və həmin sorğulara verilən cavablar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1960 nömrəli 27 mart 2023-cü il tarixli ekspert rəyi və işdə olan digər sənədlərlə təsdiq edilir. Aşkar olunmuş faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində izahatı alınan “Kamaz 5410” markalı 99JL010/10ZX018 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikasının vətəndaşı X7 "xxxx" MMC-də sürücü vəzifəsində işlədiyini, Belarusiyada ayrı-ayrı şirkətlərə məxsus 3 fərqli ünvandan yüklər götürdüyünü, bu səbəbdən də “Samur” gömrük postunda gömrük işçisi tərəfindən ondan daşıdığı yüklərin sənədləri barədə soruşulan zaman ilk öncə 3 hesab-faktura (invoys) və 3 yol-nəqliyyat sənədinin (CMR) olduğunu dediyini, daha sonra gömrük işçisi tərəfindən ona daşıdığı yüklərlə bağlı sistemdə 5 ədəd qısa idxal bəyannaməsinin mövcud olduğunu dediyini, bunun əsasında avtomobilini ətraflı şəkildə yoxladığını və nəticədə 4-cü yükə dair sənədlərin aşkara çıxdığını, lakin 5-ci partiya yükün sənədlərinin tapılmadığını, həmin yükləri Gəncə şəhərinə aparıb orada idxalatçının nümayəndəsinə təhvil verdiyini, təhvil verdikdən sonra həmin sənədlərin içərisindən 5-ci partiya yüklə bağlı hesab-faktura (invoys) və yol-nəqliyyat sənədinin (CMR) aşkara çıxdığını, öncədən daşıdığı yüklərin 5 adda olacağı barədə ona idxalatçı və ya yükgöndərən şirkətlər tərəfindən heç bir məlumat verilmədiyini bildirmişdir. Aşkar olunmuş faktla bağlı əməliyyat-istintaq Baş İdarəsində izahatı alınan Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postuna təhkim olunmuş, həmin Baş İdarənin “Zuxul" gömrük postunun baş inspektoru X4 23 fevral 2023-cü il tarixdə “Samur” gömrük postunda xidmətdə olduğu zaman “Kamaz 5410” markalı 99JL010/10ZX018 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində daşınan yüklərlə bağlı sürücü X7 tərəfindən ona öncəliklə hər birindən 3 ədəd, sonra isə hər birindən 1 ədəd olmaqla sadəcə 4 hesab-faktura (invoys) və 4 yol-nəqliyyat sənədinin (CMR) təqdim edildiyini, lakin özünün sistemdə baxdığı zaman orada avtomobildə daşınan yüklərlə bağlı 5 qısa idxal bəyannaməsinə rast gəldiyini, 5-ci partiya yükün sənədləri barədə sürücüdən soruşduğu zaman, sürücünün ona bu barədə məlumatının olmadığını və həmin yüklərlə bağlı hər hansı bir sənədinin olmadığını dediyini, sürücü tərəfindən sənədlərin təqdim edilməməsini əsas götürərək və tərtib olunmuş 5-ci, yəni **********6367 sorğu nömrəli qısa idxal bəyannaməsinin səhvən sistemə daxil edildiyini düşünərək tərtib olunan qısa idxal bəyannamələrində qeyd olunan məlumatların faktiki olaraq daşınan mallarla eynilik təşkil edib-etməməsinin müəyyən edilməsindən ötrü tabeliyində olduğu şəxs - növbə rəisinə və ya post rəhbərliyinə məlumat vermədən X1 Sistemi üzərindən 4 qısa idxal bəyannaməsinin rəsmiləşdirməsini aparmaqla sistem üzərindən yüklərin buraxılışına icazə verdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X5 izahatında hüquqi şəxs - “X10" İstehsalat Birliyində satış şöbəsinin iqtisadçısı vəzifəsində işlədiyini, nümayəndəsi olduğu birliyin ünvanına “Kamaz 5410” markalı 99JL010/10ZX018 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində 5 hesab-faktura (invoys) və 5 yol-nəqliyyat sənədi (CMR) əsasında malların idxal olunduğunu, idxal olunan mallarla bağlı sürücüyə 5 hesab-faktura (invoys) və 5 yol-nəqliyyat sənədi (CMR) sənədinin təqdim olunduğunu, həmçinin həmin mallarla bağlı xx.xx.2023-cü il tarixdə gömrük orqanına elektron formada **********6436, **********6466, **********6376, **********6390 və **********6367 sorğu nömrəli qısa idxal bəyannamələrinin verildiyini, lakin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda **********6367 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə idxal olunan malların sənədlərinin Dövlət Gömrük Komitəsinin X1 Sisteminə əlavə olunmaması və həmin yükə qeydiyyat kodu alınmaması səbəbindən həmin yüklərin gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini X6 protokolun məzmununa uyğun çıxış edərək, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs nümayəndəsi X8 ifadə verərək, bildirdi ki, Şəxs ilə Belarus Respublikasının rezidenti olan "xxxx" MMC aralarında bağlanılmış A4599/AZ nömrəli 29 may 2020-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz hissəsi hesab edilən 9 nömrəli 02 dekabr 2022-ci il tarixli Spesifikasiyaya uyğun olaraq Şəxs ünvanına ümumi dəyəri 9.374,48 USD olan kənd təsərrüfatı texnikası üçün nəzərdə tutulmuş ehtiyat hissələri gətirilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113-114-cü maddələri ilə nəzərdə tutulmuş qaydada qeyd olunan Mallar gömrük ərazisinə gətirilməmişdən əvvəl gömrük orqanlarına elektron qaydada beş qısa idxal bəyannaməsi verilmiş və müvafiq gömrük xidmət haqları ödənilmişdir. Mallar rəsmiləşdirilməsi üçün gömrük ərazisinə gətirilərək dərhal gömrük nəzarətinə, 5 ədəd gömrük bəyannaməsi üzrə mal müşayət sənədlər isə tam şəkildə gömrük orqanlarına təqdim edilmişdir. Lakin, gömrük orqanı əməkdaşının diqqətsizliyi ucbatından gömrük rəsmiləşdirilməsi yalnız 4 gömrük bəyənnaməsi üzrə aparılmış və beşinci qısa idxal bəyannaməsi ilə nəzərdə tutulmuş malın gömrük nəzarətinə təqdim edilməsinə baxmayaraq, malların bəyan edilməməsinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsi tərəfindən araşdırma aparılmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibinin yaranması üçün əsasların olmadığını hesab edir. Artıq qeyd etdiyi kimi, Şəxs ilə Belorus Respublikasının rezidenti olan "xxxx" MMC aralarında bağlanılmış A4599/AZ nömrəli 29 may 2020-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz hissəsi hesab edilən 9 nömrəli 02 dekabr 2022-ci il tarixli Spesifikasiyaya uyğun olaraq Şəxs ünvanına gətirilən ümumi dəyəri 9.374,48 USD olan kənd təsərrüfatı texnikası üçün nəzərdə tutulmuş ehtiyat hissələri 16 fevral 2023-cü il tarixli qısa idxal bəyannamələri elektron qaydada gömrük orqanlarına təqdim edilmişdir. Qısa idxal bəyannamələri ilə nəzərdə tutulmuş mallar gömrük ərazisinə gətirilib dərhal gömrük nəzarətinə, 5 ədəd gömrük bəyannaməsi üzrə mal müşayət sənədlər isə tam şəkildə gömrük orqanlarına təqdim edilmişdir. Gömrük orqanının əməkdaşı hər bir halda beş qısa idxal bəyannaməsinin təqdim edildiyini müəyyən etməli və həmin bəyannamələr üzrə mal müşayət sənədlərinin təqdim edilməsini tələb etməli idi. Görünür ki, sənədlər tam şəkildə təqdim edilmişdir. Əks halda, gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə uyğun olaraq malların ixrac prosedurun pozulması barədə yazılı bildiriş təqdim etməli idi. Belə bir bildirişin təqdim edilməməsi malların bəyan edilməsi ilə bağlı sənədlərin tam şəkildə gömrük orqanlarına təqdim edilməsinə dəlalət edir. Sadəcə, gömrük orqanının əməkdaşının diqqətsizliyi ucbatından təqdim edilmiş sənədlər əsasında 5 qısa idxal bəyannaməsi əvəzinə 4 qısa idxal bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 65.1-ci maddəsinə uyğun olaraq, Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər. Gömrük ərazisinə bəyan edilən mallarla bərabər “bəyan edilməmiş” mal gətirildiyi halda, təbii ki, həmin malların məcmu çəkisi artıq kimi müəyyən edilməli və İdxalatçı artıq çəkiyə görə cəriməyə məruz qalmalı idi. Lakin, işin hallarından görünür ki, “bəyan edilməmiş” malın olmasına baxmayaraq, gömrük ərazisinə gətirilmiş malların çəkisi qısa idxal bəyannamələrə və mal müşayət sənədlərdə əks olunan çəkiyə uyğun olmuşdur. Başqa sözlə, gömrük orqanının vəzifəli şəxsləri gömrük ərazisində gətirilmiş malın çəkisini təqdim edilmiş hər beş qısa idxal bəyannaməsində əks olunan malın çəkisi ilə uyğun olması nəticəyə gəlmişdilər. İdxal olunan mallara uyğun olaraq qısa idxal bəyannamələrin təqdim etməsi hüquqlarını təmsil etdiyi Şəxs gömrük sərhədindən keçirilən malların bəyan etməməsi ilə bağlı heç bir niyyətinin olmamasına göstəricidir. Qeyd olunanları nəzərə alaraq, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsinin tələblərinin pozulmadığını, qeyd olunan maddənin tərkibinin yaranması üçün əsasların olmadığını hesab edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs nümayəndəsi X9 digər nümayəndə X8 ilə eyni məzmunda ifadə verərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 11000-01658/23 nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********6367 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs İB-nin ünvanına Belarus Respublikasından 99JL010/10ZX018 nömrə nişanlı nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə gələn “kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələri” yükü Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********6376 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs İB-nin ünvanına Belarus Respublikasından 99JL010/10ZX018 nömrə nişanlı nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə gələn “Maz avtomobilləri üçün ehtiyat hissələri – ön şüşə (təzə)” yükü Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********6390 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs İB-nin ünvanına Belarus Respublikasından 99JL010/10ZX018 nömrə nişanlı nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə gələn “kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələri” yükü Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********6466 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs İB-nin ünvanına Belarus Respublikasından 99JL010/10ZX018 nömrə nişanlı nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə gələn “Maz avtomobilləri üçün ehtiyat hissələri” yükü Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********6436 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs İB-nin ünvanına Belarus Respublikasından 99JL010/10ZX018 nömrə nişanlı nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə gələn “Traktorlar üçün ehtiyat hissələri” yükü Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, **********6367 nömrəli **********6376 nömrəli, **********6390 nömrəli, **********6466 nömrəli və **********6436 nömrəli gömrük bəyannamələri üzrə elektron gömrük xidməti haqqı Şəxs tərəfindən ödənilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs İB-nin nümayəndəsi X5 hüquqi şəxs - “X10" İstehsalat Birliyində satış şöbəsinin iqtisadçısı vəzifəsində işlədiyini, nümayəndəsi olduğu birliyin ünvanına “Kamaz 5410” markalı 99JL010/10ZX018 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində 5 hesab-faktura (invoys) və 5 yol-nəqliyyat sənədi (CMR) əsasında malların idxal olunduğunu, idxal olunan mallarla bağlı sürücüyə 5 hesabfaktura (invoys) və 5 yol-nəqliyyat sənədi (CMR) sənədinin təqdim olunduğunu, həmçinin həmin mallarla bağlı xx.xx.2023-cü il tarixdə gömrük orqanına elektron formada **********6436, **********6466, **********6376, **********6390 və **********6367 sorğu nömrəli qısa idxal bəyannamələrinin verildiyini, lakin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda **********6367 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə idxal olunan malların sənədlərinin Dövlət Gömrük Komitəsinin X1 Sisteminə əlavə olunmaması və həmin yükə qeydiyyat kodu alınmaması səbəbindən həmin yüklərin gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli, 9/1960 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 31 adda avtomobil hissələrinin ümumilikdə xx.xx.2023-cü il tarixə orta qiyməti təxminən 26612 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli qərarının 16.1-ci bəndinə əsasən Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər. Həmin Qərarın 16.2-ci bəndinə əsasən bu Qaydaların 16.1-ci bəndi gömrük ərazisinə daxil olan ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Həmin Qərarın 16.3-cü bəndinə əsasən Bu Qaydaların 16.1-ci bəndində nəzərdə tutulmuş bəyanetmə aşağıdakı formalarda ola bilər: 16.3.1. gömrük ərazisinə gətirilən mallar gömrük bəyannaməsi tələb olunan gömrük proseduru altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi; 16.3.2. gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək, qısa idxal bəyannaməsi; 16.3.3. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda, natamam bəyannamə; 16.3.4. yardım yüklərinin və səlahiyyətli iqtisadi operatorlar tərəfindən gömrük ərazisinə gətirilən malların gömrük rəsmiləşdirilməsi məqsədi ilə sadələşdirilmiş bəyannamə. Həmin Qərarın 16.4-cü bəndinə əsasən Bu Qaydaların 16.3-cü bəndində göstərilən bəyannamələr gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar gömrük sərhədinə çatmamışdan əvvəl də kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanına təqdim edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarından aydın şəkildə görünür ki, Şəxs tərəfindən ünvanına “Kamaz 5410” markalı 99JL010/10ZX018 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində idxal olunan mallarla bağlı xx.xx.2023-cü il tarixdə gömrük orqanına elektron formada **********6436, **********6466, **********6376, **********6390 və **********6367 sorğu nömrəli qısa idxal bəyannamələri verilmiş və xx.xx.2023-cü il tarixdə qeyd edilən qısa idxal bəyannamələri üzrə müvafiq ödənişlər edilmişdir. Qeyd edilən hal onu göstərir ki, hüquqi şəxsin gömrük sərhəddindən keçirilən malları bəyan etməməsi ilə bağlı heç bir niyyəti olmamışdır. O cümlədən “Zuxul" gömrük postunun məsul əməkdaşı tərəfindən öz ehtimallarına əsasən hüquqi şəxs tərəfindən verilmiş beş ədəd qısa idxal bəyannaməsindən **********6367 sorğu nömrəli qısa idxal bəyannaməsinin səhvən sistemə daxil edildiyini düşünərək tərtib olunan qısa idxal bəyannamələrində qeyd olunan məlumatların faktiki olaraq daşınan mallarla eynilik təşkil edib-etməməsinin müəyyən edilməsindən ötrü tabeliyində olduğu şəxs - növbə rəisinə və ya post rəhbərliyinə məlumat vermədən X1 Sistemi üzərindən 4 qısa idxal bəyannaməsinin rəsmiləşdirməsini aparmaqla sistem üzərindən yüklərin buraxılışına icazə vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin məsul əməkdaş tərəfindən dəqiq araşdırma aparılmalı, bu barədə rəhbərliyə məlumat verilməli və gömrük bəyannaməsi verilməyən yüklərin buraxılışına icazə verilməməli olduğu halda, o sadəcə öz ehtimallarına əsasən verilmiş qısa idxal bəyannamələrindən birinin səhvən sistemə daxil edildiyini düşünərək yüklərin buraxılışına icazə vermişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İXM-nin 482.1 maddəsində nəzərdə tutulmuş əməli törətməsi barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və ona görə də, həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalı, inzibati xəta haqqında protokolda göstərilən, ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə sübuta yetirilməmiş, hüquqi şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli, obyektiv və tam şəkildə tədqiq edərək, o cümlədən qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 111-112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli 11000-01658/23 saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar