Məhkəmə qərarları › İş №3(125)-806/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-806/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-806/2023 17.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Nizami küçəsi, 5döngə, ev 28-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin X8 şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 511.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə ekipaj yoldaşı X4 ilə BMV markalı, **-YP-*** d.q.n.n-lı avtopatrulla xidmətdə olarkən saat təxminən 21:30 radələrində Gəncə şəhəri, Nizami prospektində “Ramada Plaza” otelinin qarşısında VAZ 21074 markalı, **-BR-*** və **-EJ- *** d.q.n-lı avtomobillərin aeroport yolu istiqamətindən sürət yarışı etdiklərini görmüşlər. Daha sonra tərəflərindən saxlanılaraq qanuni tədbir görülməsi üçün hər iki avtomobilin sürücüsü Şəxs və VAZ 21074 markalı, **-EJ-*** d.q.n-lı avtomobilin sürücüsü X3 avtomobillə birlikdə Gəncə DYPŞ-nın duracağına gətirmişlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək, bildirdi ki, maşınında baş vermiş nasazlıqla əlaqədar tanıdığı dostuna birlikdə maşını sürməyi və maşını ustaya verdikdən sonra onu evə düşürməsini bildirmişdir. Maşınları sürətli olmamışdır. Svetoforda saxlayan zaman polis əməkdaşları yaxınlaşmış və maşını duracağa aparmışlar. Barəsində aparılmış inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə ekipaj yoldaşı X2 ilə BMV markalı, **-YP-*** d.q.n.n-lı avtopatrulla xidmətdə olarkən saat təxminən 21:30 radələrində Gəncə şəhəri, Nizami prospektində “Ramada Plaza” otelinin qarşısında VAZ 21074 markalı, **-BR-*** və **-EJ-*** d.q.n-lı avtomobillərin aeroport yolu istiqamətindən sürət yarışı etdiklərini görmüşlər. Daha sonra tərəflərindən saxlanılaraq qanuni tədbir görülməsi üçün hər iki avtomobilin sürücüsü Şəxs və VAZ 21074 markalı, **- EJ-*** d.q.n-lı avtomobilin sürücüsü X3 avtomobillə birlikdə Gəncə DYPŞ-nın duracağına gətirmişlər. İş materiallarına əlavə edilmiş AC667205 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. İş materiallarına əlavə edilmiş DVD diskə əlavə edilmiş videogörüntülərdən görünür ki, VAZ 21074 markalı, **-BR-*** və **-EJ-*** d.q.n-lı avtomobillər sürət yarışı keçirirlər. Məhkəmə iclasında videogörüntülər tədqiq edildikdən sonra Şəxs həmin görüntülərdə olan avtomobilin onun tərəfindən idarə edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, Şəxs izahat verməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatı, şahidin ifadəsi, habelə inzibati materialda olan videogörüntü və digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində qeyd edilir ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona əlavə tənbeh kimi törətdiyi inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla əsas tənbeh kimi həmin maddədə nəzərdə tutulmuş həddə inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə yanaşı, həmçinin 327.1 -ci maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar