Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-808/2022 31.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qərb Ərazi Baş Gömrük İdarəsində 11000-3293/22 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün material ilə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 34/012/008912 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan “Cengiz inşaat Sanayii ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından MM788JJ/UU138V nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Hazır partlayıcı maddələr” yükü **********1932 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük idarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının ünvanına MM788JJ/UU138V nömrə nişanlı yük nəqliyyat vasitəsilə daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan Filial tərəfindən bu təmin olunmamış və bununlada gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə, 11000-3293/22 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi X2 idxal olunan “Hazır partlayıcı maddələr” yükünə dair qısa idxal gömrük bəyannaməsinin verilməməsinin səbəbinin Türkiyə Respublikasında yerləşən şirkətin yükün oradan çıxmasını və yükə dair məlumatların vaxtında bildirməməsi ilə bağlı olduğunu bildirmiş, eyni zamanda inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasına və tətbiq olunacaq cərimənin könüllü surətdə ödənilməsinə hazır olduqlarını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahatında bildirdi ki, idxal olunan “hazır partlayıcı maddələr yükü”nə dair qısa idxal gömrük bəyannaməsinin verilməməsinin səbəbi Türkiyə Respublikasında yerləşən şirkətin yükün oradan çıxmasını və yükə dair məlumatların vaxtında bildirməməsi ilə bağlı olmuşdur. Gömrük qaydalarını pozduqlarını etiraf edirlər və tətbiq ediləcək cərimə ödəməyə razıdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********1932 saylı, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialınin ünvanına “Qırmızı Körpü” gömrük postundan “Hazır patlayıcı maddələr” yükü gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi inzibati araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi izahatında hüquqi şəxsin ünvanına gələn yükə dair gömrük bəyannaməsinin təqdim edildiyini, lakin yük gömrük orqanına gəlməmişdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin təqdim edilməməsini, bununla da hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 485.2-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-808/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-808/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver