Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-81/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X5, Şəxs vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə edilmiş materiallar baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Hüquqi şəxs "xxxx" MMC-in xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X2 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) barədə bildiriş əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən MMC-nin Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən binasında Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xadimə, Şahid4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mühafizəçi, Şahid5 isə 2024-cü ilin may ayından bu günədək sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununlada Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, iş materiallarında hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, həm inzibati xəta üzrə icraatın iştirakçılarının izahatları, həm də iş materiallarına əlavə edilmiş sübutlarla əməl tam olaraq sübuta yetirilir. Ona görə də, məhkəmədən hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X9 izahatında bildirdi ki, Şahid3, Şahid4 və Şahid5 Şəxs MMC-də əmək müqaviləsi bağlanıldıqdan sonra işə cəlb edilmişlər. Əmək müqaviləsi olmadan işə cəlb edilmə halları olmamışdır. O, sonda məhkəmədən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Şəxs vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil bildirmişdir ki, Prokuroluğa edilmiş müraciət döymə ilə bağlı olsa da prokurorluq digər məsələlərlə bağlı araşdırma aparmış və səalhiyyəti olmadığı halda inzibati araşdırma aparmışdır. Belə ki, inzibati araşdırma ilə bağlı tərəflərin hüquq və vəzifələri onlara izah edilmədən izahatları alınmış, latın qrafikası ilə oxuma və yazma bilməmələrinə baxmayaraq şəxslərin izahatı alınaraq onlara qol çəkdirilmişdir. Qərarda qeyd edilən şəxslərin hər 3-ü Şəxs MMC-də əmək müqaviləsi bağlanıldıqdan sonra işə cəlb edilmişlər və bugün də Şəxs MMC-də əmək faəliyyəti ilə məşğul olurlar. Şahid5 isə bağban vəzifəsində işləmiş və motoskletlə zibilləri daşımışdır. Zibilləri daşıma vəzifəsi isə birbaşa əmək müqaviləsində bağbanın vəzifə borcu kimi nəzərdə tutulmuşdur. Qeyd edilən halları nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanmış inzibati xıta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, hal-hazırda Şəxs MMC-də mühafizəçi vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdən onunla əmək müqaviləsi bağlanılmışdır. O, əmək müqaviləsi bağlandığı vaxtdan işləməyə başlamışdır. Əmək müqaviləsi bağlanmamışdan əvvəl işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Gəncə Şəhər Prokurorluğuna Şahid1 döyülməsi faktı ilə bağlı çağırılmışdır. Əmək müqaviləsinin olub-olmaması ilə bağlı o, Prokurorluğa çağırılmamışdır. O, Gəncə şəhər Prokurorluğunda izahatını oxumadan imzalamışdır. İzahatını Prokurorluqda yazıb son hissəsini ona oxumuşlar. Onun izahatı özünün yazmasına icazə verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Şəxs MMC-də fəhlə vəzifəsində çalışır. Onunla əmək müqaviləsi 12 avqust 2024-cü il tarixdən bağlanmış və əmək müqaviləsi bağlandıqdan sonra işə cəlb edilmişdir. Prokurorluqda verilən ifadənin ona məxsus olmadığını bildirmişdir. O, oxuma-yazma bilmədiyi üçün ifadəni özü yazmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 12 avqust 2024-cü il tarixə kimi Şəxs MMC-də heç bir fəaliyyətlə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də bağban vəzifəsində işləyir. Onunla 25 yanvar 2023-cü il tarixdən əmək müqaviləsi bağlanmış və o, həmin tarixdə işə cəlb olunmuşdur. O, Prokurorluqda verdiyi ifadəni oxumadan imzaladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əmək müqaviləsi bağlanmamışdan əvvəl Şəxs MMC tərəfindən heç bir işə cəlb edilməmişdir. O, sürücü işdən çıxdığı müddət ərzində budadığı ağacların budaqlarını ona əl ilə daşımaq çətin olduğu üçün motosiklet vasitəsi ilə daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2016cı il tarixdən Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən "xxxx" MM-nin ərazisində aylıq icarə haqqı ödəməklə süd məhsullarının satışı ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə bazarda məhsullarını satarkən soyuducudan istifadə etməməsi və fəaliyyət göstərdiyi yeri natəmiz saxlamasını bəhanə edərək bazarın mühafizə reisi Şahid6 və digər şəxslər ona yaxınlaşıb bazardan getməsini bildirmiş, həmin vaxt bazarın süd məhsuları satılan bölməsində mübahisə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elvin, İslam və İlkin adlı şəxsləri sadəcə üzdən tanıyır. Onların Şəxs MMC-də nəvaxtdan işlədiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər X1 döyülməsi ilə bağlı çağırılmışdır. O, Elvin, İslam və İlkin adlı şəxsləri tanıyır. Onların Şəxs MMC-də nə vaxtdan işlədiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər X1 döyülməsi ilə bağlı çağırılmışdır. O, Elvin, İslam və İlkin adlı şəxsləri tanıyır. Şəxs MMC-də Elvin mühafizəçi, İslam bağban və İlkin fəhlə vəzifəsində çalışırlar. Onların Şəxs MMC-də nəvaxtdan işlədiyini xatırlamır. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış -027/24 nömrəli əmək müqaviləsindən görünür ki, Şəxs MMC ilə Şahid3 arasında fəhlə vəzifəsində işləməsi ilə bağlı 12 avqust 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. -xxxxxxx000100 nömrəli əmək müqaviləsindən görünür ki, Şəxs MMC ilə Şahid5 Hidatət oğlu arasında bağban vəzifəsində işləməsi ilə bağlı 25 yanvar 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. -013/24 nömrəli əmək müqaviləsindən görünür ki, Şəxs MMC ilə Şahid4 arasında mühafizəçi vəzifəsində işləməsi ilə bağlı 03 may 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. - 25 yanvar 2023-cü il tarixli bağbanın vəzifə təlimatlarından görünür ki, bağbanın bir sıra vəzifə borcları vardır. Bu vəzifə borclarından birinə ”meydançaları, həyətyanı yolları ağac kğklərindən, kəsiklərindən, zibil və qardan təmizləyir, tullantıları toplayır, ayrılmış yerə daşıyır və yandırır. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın 130-cu maddəsinin İX hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Azərbaycan Respublikasının Konstitsiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Lakin o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Həmçinin plenum qeyd edir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilibkeçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd edilmişdir ki, Hüquqi şəxs "xxxx" MMC-in xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X2 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) barədə bildiriş əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən MMC-nin Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən binasında Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xadimə, Şahid4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mühafizəçi, Şahid5 isə 2024-cü ilin may ayından bu günədək sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Lakin, bu faktlar məhkəmə iclasında araşdırılmış və müəyyən edilmişdir ki, Şahid3, Şahid4 və Şahid5 əmək müqaviləsi bağlanıldıqdan sonra işə cəlb edilmişlər. Belə ki, onlar ifadələrində əmək müqaviləsi bağlanıldıqdan sonra işə cəlb edildiklərini bildirmişlər. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid6 ifadələrində Elvin, İslam və İlkin adlı şəxslərin Şəxs MMC-də nəvaxtdan işə cəlb edildiklərini bilmədiklərini qeyd etmişlər. Hüquqi şəxsin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi lazım idi. Lakin iş materiallarında olan əmək müqavilələrindən görünür ki, Elvin, İslam və İlkin Əmək müqaviləsi əsasında işə cəlb edilmişlər . Onlar əmək müqaviləsi olmadan ”Gəncə Bazar Store” MMC tərəfindən hər hansı bir işin görülməsinə cəlb edilməmişlər. Eyni zamanda Şahid5 sürücü vəzifəsində işləməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş bütün şəxslərin ifadəsi ilə Şahid5 sürücülük etdiyi deyil, sadəcə motosklet ilə zibilləri daşıması qeyd edilmişdir. Hansı ki, bu hal Şahid5 vəzifə borcundan irəli gələn hal olmuşdur. Gəncə Şəhər prokurorluğu bu halları araşdırmadan əsassız olaraq sadəcə izahatları əsas gətirirərək hüquqi şəxsin İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-81/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-81/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver