Məhkəmə qərarları › İş №3(125)-813/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-813/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-813/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, orta təhsilli, evli, N saylı Hərbi Qospitalda gözətçi-mühafizəçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Vaz 21150” minik markalı **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, 28 May küçəsi ilə üzü “Qarabağ əlillərin binası” istiqamətində hərəkətdə olan zaman “X8” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü təhlükəni gördükdə avtomobili tam dayandıraraq hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş və həmin vaxt avtomobilin qabaq sol hissəsi ilə əks istiqamətdən gələrək geriyə tərəf dönmə əməliyyatı edib yolun sağ hissəsi ilə düzünə 20 metr yolun sağ hissəsi ilə hərəkət edən sürücü Zərərçəkmiş şəxs ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “Hyundai Sonata” markalı **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa tərəfindən vuraraq toqquşmuş, zərbənin təsirindən “Hyundai Sonata” markalı avtomobil əks istiqamətdən gələn avtomobillərin yoluna çıxmış və avtomobilin qabaq sol tərəfi əks istiqamətdən gələn sürücü X1 ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “Chevrolet Cruze” minik markalı **- BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyərək toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs alın nahiyəsinin yarası xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, İXM-nin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 xx.xx.2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Vaz 21150” minik markalı **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 28 May küçəsində təxminən 60-70 km/saat sürətlə üzü “köhnə mero” adlanan istiqamətdə düzünə hərəkətdə olmuş, həmin avtomobili idarə edərkən bibisi oğlu X4 ilə birlikdə olmuşdur. O, idarə etdiyi avtomobillə “köhnə mero” adlanan yerə çatmağına təxminən 100 metr qalmışdır ki, əks istiqamətdən gələn açıq boz rəngli Hyundai markalı **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil anidən sol tərəfə dönmə əməliyyatı edərək idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Bu zaman idarə etdiyi avtomobilin əyləc sistemini sıxaraq avtomobili sağa tərəf çəkmişdir ki, hadisədən yayınsın, lakin hadisədən yayına bilmədiyindən avtomobilinin qabaq sol hissəsi həmin avtomobilin arxa sağ hissəsi ilə toqquşmuşdur. Sonra həmin Hyundai markalı avtomobil zərbənin təsirindən əks istiqamətdən gələn qara rəngli Chevrolet markalı **-BM- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq yolun sol hissəsində dayanmışdır. Hadisə yerinə toplaşan şəxslərdən biri Hyundai markalı **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü xəsarət aldığı üçün TTY zəng etmişdir. Hadisə yerinə TTY avtomobili gəlmiş və həmin sürücünü avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Sonra avtomobilləri Gəncə şəhər BPİ-ni DYPŞ-nin müvəqqəti duracağa yerləşdirmişlər. Daha sonra isə narkoloji dispanserə getmiş, orada sərxoşluq müayinəsindən keçmiş və sərxoş olmadığı müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb Hyundai markalı **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin idarə etdiyi avtomobili keçib getməsini gözləmədən anidən əks istiqamətdən sol tərəfə dönmə əməliyyatı edərək onun avtomobilinin qarşısına çıxmağı və bu vaxt hadisənin qarşısını ala bilməməsi olmuşdur. Törətdiyi əməldən peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 03 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş BC120602 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə B1, B, C1 və C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 09 mart 2023-cü il tarixli 263 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyəsinin yarası - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tarixli, 377/2023 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs X8 Qanunun tələblərini pozaraq inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək və məhkəmədə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar