Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-813/2024 20.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Əliağa Vahid küçəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 20 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4833/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3000 (üç min) manat aliment borcu alınaraq X2 verilməlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 bildirdi ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4833/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmiş icra hərəkətləri nəticəsində aliment borcunu ödəmədiyi üçün onun barəsində 20 fevral 2024-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs 3000 manat aliment borcunun olması ilə bağlı inzibati xəta haqqında protokol yalnız tələbkarın deməsinə görə tərtib edilmişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4833/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 3000 manat aliment borcuna görə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu əsassız hesab edir. Belə ki, o, hər ay mütəmadi olaraq məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəmiş və ödəməkdə də davam edir. Sadəcə pandemiya dövründə işləmədiyi üçün təxminən 7 ay aliment borcunu ödəyə bilməmişdir. Lakin bundan sonra işləməyə başladığı vaxtdan o, aliment borcunu hər ay 20-30 manat da artıq olaraq ödəmişdir. Hazırda onun 3000 manat aliment borcunun olması qeyri-mümkündür. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X6 məhkəməyə izahat verərək və ərizə təqdim edərək, bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol “Eldarın ona 3000 manat aliment borcu olmasını” icra məmuruna deməsi nəticəsində tərtib edilmişdir. Hazırda həmin şəxsin ona nə qədər aliment borcunun olub-olmamasını dəqiq bilmir. Bunun üçün həmin aliment borcunun hesablanması üçün müəyyən vaxt və müvafiq sənədlər lazımdır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 4833/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2240/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 4833/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 8(125)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcunu vaxtında ödəmədiyi üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi qeyd edilən protokol tərtib edilərkən aliment borcu zərərçəkmiş şəxsin təxmini hesablamaları nəticəsində müəyyən edilmişdir. Həmçinin aliment borcunun məbləği icra məmuru tərəfindən hər hansı rəsmi sənədlər vasitəsi ilə dəqiqləşdirilmədən, yəni işin hazırkı vəziyyətdə faktiki halları araşdırılmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sözügedən icra vərəqəsi üzrə aliment borcunun olub-olmamasını, olduğu halda isə aliment borcunun dəqiq miqdarını müəyyən etmək hazırki vəziyyətdə mümkün deyildir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-813/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-813/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver