Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-814/2022 01.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə Regional X5 İdarəsinin inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, BOKT "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə Regional X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT "xxxx" MMC barəsində 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən BOKT "xxxx" MMC-də YTM zamanı yanğın təhlükəsizlik qaydalarının pozulması aşkar edilmiş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. BOKT "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə Regional X5 İdarəsinin inspektoru X4 bildirdi ki, Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən BOKT "xxxx" MMC-də YTM zamanı yanğın təhlükəsizlik qaydalarının pozulması aşkar edilmişdir. Buna görə də BOKT "xxxx" MMC barəsində haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 MMC adından təqdim etdiyi yazılı etirazda göstərilmiş halları bir daha nəzərə çatdıraraq bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə Regional X5 İdarəsi tərəfindən 29 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokol qanunvericiliyin normaları pozulmaqla tərtib edilmişdir. Belə ki, tərtib edilmiş protokol səlahiyyətli orqan tərəfindən nə poçt vasitəsi ilə göndərilmiş, nə də səlahiyyətli şəxs tərəfindən şəxsən verilməmişdir. Həmçinin hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, protokolun surəti verilməmiş, protokolun imzalanması barədə heç bir təklif verilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, BOKT "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş, BOKT "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, iş üzrə toplanmış mötəbər sübutlarla BOKT "xxxx" MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tövsif olunmuşdur, həmin maddə ilə inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumatları reyestrindən çıxarışın surətindən görünür ki, aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 15 avqust 2022-ci il tarixli 3955 saylı yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, ünvan 1 ünvanda yerləşən BOKT "xxxx" MMC-də yoxlamalar aparılması qərara alınmışdır. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli 3955 saylı yanğın-texniki müayinə aktından görünür ki, ünvan 1 ünvanda yerləşən BOKT "xxxx" MMC-də yoxlamalar zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar olaraq pozuntular aşkar edilmişdir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli 3955 saylı yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərardan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, BOKT "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün AzərbaycanRespublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmalıdırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən - mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxs BOKT "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Аzərbаycаn Respublikasının İnzibati Xətаlаr Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur . Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs bu inzibati xətaya görə il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: BOKT "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. BOKT "xxxx" MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Göstərilən müddət ərzində hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimə BOKT "xxxx" MMC tərəfindən ödənilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-814/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-814/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver