Məhkəmə qərarları › İş №3(125)-818/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-818/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-818/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapinatı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qarşısında qardaşı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapinatı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı Şəxs qardaşı Zərərçəkmiş şəxs əl zərbəsi ilə vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirərək döymüşdür. Gəncə şəhəri 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən ilkin araşdırma aparıldıqdan sonra Şəxs əməlində cinayə tərkibi olmadığı üçün 08 oktyabr 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və material inzibati protokol tərtib edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə onun İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 2016-cı il tarixli Ağstafa Rayon Məhkəməsinin qərarı ilə ata mülkləri 5 uşaq arasında bərabər bölünməsi qərara alınmış, həmin qərardan narazı qaldığı üçün o, apellyasiya şikayəti vermişdir. Həmin vaxtdan onların məhkəmə proses davam edir və hər məhkəməyə gedəndə onun qardaşı ilə mübahisəsi olur. xx.xx.2022-ci il tarixdə də Gəncə Apellyasiya Məhkəməsində məhkəmə prosesinin başlamasını gözləyərkən, məhkəmənin həyətində bütün qardaşlar arasında mübahisə düşmüş, qardaşı Ələsgər onu vurmaq istəmiş, digər qardaşı onları aralamışdır. Həmin vaxt onlar bir-birinə heç bir xəsarət yetirməmişlər, o, sadəcə qardaşı ilə itələşmişdir. Sonda o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun qardaşıdır. O, 1982-ci il tarixdən bügünə kimi ata mülkündə yaşamış, həmin mülki öz vəsaiti hesabına əsaslı təmir elətdirmiş, digər qardaşlarının öz evi olduğu halda həmin mülkdən pay istəmişlər. Onu müxtəlif tarixlərdə məhkəməyə şikayət etmişlər və hər bir məhkəmə onun xeyrinə həll edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə qardaşı Şirvan onu Gəncə Apellyasiya Məhkəməsinə vermiş, xx.xx.2022-ci il tarixdə oğlu və qardaşı oğlu Şahid ilə məhkəməyə getmişlər, orada məhkəmənin həyətində olarkən o, və onun ailə üzvləri qarşı tərəfə onlara qarşı etdiklərinin ayıb olduğunu izah etməyə çalışarkən Şəxs əvvəl onu təhqir etmiş, daha sonra isə ona əl zərbəsi ilə vurmuş, o, sonuncuya tərəf çönmək istəyəndə bir yumruqda üzündən vurmuşdur. Sonda o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid izahat verərək bildirmişdir ki, zərərçəkmiş Ələsgər onun əmisi, barəsində protokol tərtib edilən Şirxan isə onun atasıdır. Onun əmiləri və atası ilə baba mülkünün üstündə dəfələrlə davaları olmuş, buna görə Ağstafa rayonunda problemli ailə kimi polisdə qeydiyyatdadırlar. Hadisə olan gün xx.xx.2022-ci il tarixdə onlar Gəncə Apellyasiya Məhkəməsinin həyətində olan zaman yenidən əmiləri və atası arasında mübahisə olmuş, həmin vaxt Şirxan dava etmiş, ara qarışıqlıq olduğu üçün o, kim kimi vurduğunu görməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs zərərçəkmiş şəxsi yumruqla vuraraq fiziki ağrı yetirməsi, beləliklə İXM-in 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, zərərçəkmiş şəxsin və şahidin izahatı ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar