Məhkəmə qərarları › İş №3(125)-834/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-834/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-834/2023 20.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər BPİ-nin DYPŞ-nin polis kapitanı X2 tərəfindən tərtib edilmiş inzibati protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Gəncə şəhər BPİ-nin DYPŞ-nin, polis kapitanı X2 bildirdi ki, Şəxs 14 fevral 2023-cü il tarixdə saat 21:15 radələrində Gəncə şəhəri Atatürk prospekti, 95 № li aptekin qarşısında idarə etdiyi VAZ 21011 minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolun kənarında dayanan piyada Zərərçəkmiş şəxs vuraraq hadisə yerindən yayınmışdır. Məhkəmə iclasında Şəxs əməlini etiraf edərək bildirmişdir ki, VAZ 21011 minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil ilə o, taksi fəaliyyəti ilə məşğuldur. 14 fevral 2023-cü il tarixdə saat 21:15 radələrində o, Gəncə şəhəri Atatürk prospekti, 95 № li aptekin qarşısında avtomobili arxaya verərkən ehtiyatsızlıqdan piyadanı vurmuş, avtomobildən düşüb kömək etmək istədikdə vurulmuş piyada onu təhqir etmişdir. O, Zərərçəkmiş şəxs ağır xəsarət almadığını, vəziyyətinin yaxşı olduğunu fikirləşib hadisə yerindən uzaqlaşmışdır. Sonda o, əməlindən peşman olduğunu, himayəsində 3 azyaşlı uşağının olduğunu nəzərə alıb ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs tərərəfindən ona dəymiş ziyan ödənilməmiş, o, sonuncudan şikayətçidir. Şəxs hadisədən sonra onunla kobud rəftar etmişdir. Sonda o, məhkəmədən Şəxs ağır cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:15-də Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 327.1, 332.1, və 332.4-cü maddələri ilə protokol tərtib olunmuşdur. - 14 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:15 radələrindo Şəxs, sürücülük hüququ və idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ-21011” minik markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri Atatürk prospektində avtomobili arxaya verərkən dayanacaqda dayanmış piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobil arxası ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs sağ diz və sağ baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi və şişkinliyi xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuraraq, daha sonra hadisə yerini tərk edərək hadisə yerindən yayınmışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin tələblərinə görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə zərərçəkmiş şəxsin yalnız az ağır və ağır xəsarət alması cinayət məsuliyyətinə səbəb olur. Baş vermiş hadisə zamanı isə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Belə olan halda qeyd olunan yol-nəqliyyat hadisəsi faktı üzrə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması qeyd edilən əsasa görə rədd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Şəxsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli 203 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ diz və sağ baldır nahiyyələrinin yumşaq toxumalarının əzilməsi və şişkinliyi bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - 15 fevral 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur (ayıqdır). Sidikdə THC (marixuana) aşkar edilmədi. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri Atatürk prospekti, 95 № li aptekin qarşısında baş vermiş, Hadisə baş verən yol düz, metlax örtüklü yol örtüyünün eni 14 metr olmaqla hadisə baş verən zaman quru vəziyyətdə olmuşdur. yolun hərəkət hissəyə birləşir sağdan köbə daşlar və səki, soldan köbə daşlar və səki, soldan qeyriyaşayış obyektləri, soldan inzibati binalar, hərəkətin nizamlama üsulu nizamlanmyan. Hadisə zamanı 1 nəfər piyada vurulmuş, piyadanın vurulma yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları vurulma yerindən sağ tərəfə 1,4 m, sol tərəfə 12,6 metr, pyadanın hadisədən əvvəlki hərəkət istiaməti yolun kənarında dayanmışdır. Şəxs barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1, və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikasının İXM-nin 332.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta hesab olunur. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərək zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirməsi, beləliklə İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici və zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdraəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar