Məhkəmə qərarları › İş №3(125)-835/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-835/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-835/2024 23.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs 3401 manat borc məbləğinin ödənilməsindən yayınmışdır və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 izahatında göstərdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 360/2021 nömrəli icra sənədinə əsasən borclu Şəxs 3371manat və 30 amant manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Borclu borcun ödənilməsindən qərəzli olaraq yayınmış, icra məmurunun çağırışı üzrə gəlməkdən boyun qaçırmışdır. Telefon vasitəsilə məlumat verildiyində Bakıda olduğunu demiş, sms xəbərdarlıq göndərilmiş, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Ünvanına göndərilmiş zərflər də geri qayıtmışdır. Ümumiyyətlə borclunun yerini müəyyən etmək mümkün olmadığı üçün bildirişin və xəbərdarlığın borcluya təqdim olunması mümkün olmamışdır. Borclunun məcburi gətirilməsi barədə qərardad icra olunmamışdır. Məsuliyyət barədə xəbərdarlığın məhz bu gün, yəni xx.xx.2024-cü il tarixdə borcluya təqdim edilməsinin səbəbi də məhz bununla bağlı olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, icra sənədi üzrə ona hər hansı bildiriş verilməmiş, nə də ki xəbərdarlıq edilməmişdir. İşdə olan SMS bildirişi onun əvvəlki nömrəsinə göndərilmişdir. Heç vaxt onu məcburi qaydada icra idarəsinə gətirməmişlər. Bu gün, yəni 23 fevral 2023cü il tarixdə ona məsuliyyət barədə xəbərdarlığa imza etdirməklə barəsində inzibati protokol tərtib etməklə məhkəməyə gətirmişlər. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, 2017,2018 və 2019-cu illərdə borclu ilə müqavilələr bağlanmışdır. Həmin müqavilə üzrə satılmış mallar borclunun özündədir. Əvvəllər ödənişlər etmiş, 2017-ci ildən bəri heç bir ödəniş olunmamışdır. Borcluya zəng edilmiş, məlumat verilmişdir. İnzibati materiala əlavə olunmuş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-360/2021 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs cəmi 3371 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-360/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmış, həmin bildirişə imza etməklə surətini qəbul etmişdir. xx.xx.2021-ci il tarixli sms bildirişdən görünür ki, X1 şəhəri üzrə İcra İdarəsinə çağırılmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməyəcəyi təqdirdə borclu Şəxs məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edilmiş, borclu Şəxs həmin xəbərdarlığa imza etməklə surətini qəbul etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-411/2022 nömrəli qərardadının surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-360/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından, təqdim olunmuş inzibati materialdan və icra işində olan sənədlərdən məlum oldu ki, borclu tərəfindən icra sənədinin icra olunmaması onun qərəzli hərəkətləri nəticəsində olmamışdır. Belə ki, İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi borclu icra sənədini icra etməkdən qərəzli olaraq yayınmamışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 30-34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar