Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-837/2023 20.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu müdafiə edən şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsində tərtib olunmuş inzibati material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin İTBnin sahə rəisi, X6 tərəfindən tərtib olunmuş 19 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:40-da Gəncə şəhəri, Təbriz küçəsi, ev 57A-da yaşayan X1 yaşadığı evin qarşısında işlədiyi Şərab evi mağazasından 46 manat pul və 1 ədəd siqaret oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş 19 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü ildə Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi, ev 51-də yaşayan X3 məxsus yaşadığı evin qarşısında saxladığı Qazel markalı avtomobildən 110 manat dəyərində akumlyatoru oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X8 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs X4 məxsus yarımtikili evin həyətindən 35 manat dəyərində olan su sayğacını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən şəxs X7 inzibati xəta haqqında protokolların məzmunlarına uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:40-da Gəncə şəhəri, Təbriz küçəsi, ev 57A-da yaşayan X1 yaşadığı evin qarşısında işlədiyi “Şərab evi” mağazasından 46 manat pul və 1 ədəd siqaret, xx.xx.2023-cü ildə Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi, ev 51-də yaşayan X3 məxsus yaşadığı evin qarşısında saxladığı “Qazel” markalı avtomobildən 110 manat dəyərində akumlyatoru, X4 məxsus yarımtikili evin həyətindən 35 manat dəyərində olan su sayğacını oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin sonuncu tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokollarda qeyd olunan əməlləri törətmişdir. Belə ki, onun xəstə körpə uşağına dərman almağa maddi imkanı olmadığı üçün məcbur olub oğurluq etmiş və oğurladığı əşyaları sataraq, əldə etdiyi pula uşağının dərmanlarını almışdır. Sonda o, əməllərindən peşman olduğunu, himayəsində azyaşlı xəstə uşağının olmasını, özünün səhhətində problem olduğunu, sonuncu dəfə inibati həbs edildikdən sonra infakt keçirdiyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmişlər, gəlməmələri ilə bağlı heç bir məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 aprel 2023-cü, 21 mart 2023-cü il tarixli və 19 aprel 2023-cü il tarixli qərarlarından görünür ki, qeyd olunan əməlləri törətmiş Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs oğurluq etməsi, beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Həmçinin İXM-nin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. İXM-nin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs il ərzində inzibati tənbeh tətbiq edilən eyni xətanı təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların mövcud olmadığını nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, İXM-in 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər bir protokol üzrə ayrı-ayrılıqda, İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Buna görə də Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Bununla belə Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş 19 aprel 2023-cü il tarixli protokoldan məlum olur ki, Şəxs 19 aprel 2023-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona hər bir əmələ görə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 240 saat ictimai işlər tənbehinin dörddə üçü həddində ictimai işlər tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilən əməl üzrə 160 saat, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilən əməl üzrə 160 saa, və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilən əməl üzrə 160 saat ictimai işlər tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 180 (yüz səksən) saat ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-837/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-837/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver