Məhkəmə qərarları › İş №3(125)-84/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-84/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-84/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Barəsində inzibati xəta haqqında icraata xitam verilmiş şəxs X14 və onun nümayəndəsi X15, Gəncə şəhər prokurorunun köməkçisi X13, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X5 iştirakı ilə, Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” MN № ******* nömrəli 17 noyabr 2023-cü il tarixli qərarından vermiş olduğu protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” MN № ******* nömrəli 17 noyabr 2023-cü il tarixli qərarından protest ilə məhkəməyə müraciət edərək, X14 vəzifəli şəxs qismində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X10 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini, X23 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Protestdə qeyd edilmişdir ki, Daşkəsən şəhəri, Nizami küçəsi, ev 20, mənzil 24-də yaşayan X16 şəhər prokurorluğuna etdiyi müraciətində bildirmişdir ki, Gəncə şəhərində İcra Hakimiyyətinin yaxınlığında yerləşən mərkəzi Univermağın 2 mərtəbəli binasının üstünün artırılması tikintisində fəhlə olaraq günü 20 manata əmək müqaviləsi olmadan briqadir Orxan və iş icraçısı Camal tərəfindən 4 gün olmaqla yəni 11 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi işlədilərək 80 manat əmək haqqını ala bilməmişdir. Həmin material üzrə izahat vermiş X16 bildirmişdir ki, həmin ərizə onun tərəfindən yazılmışdır və ərizədə olan imza ona məxsusdur. O, fərdi qaydada fəhləliklə məşğul olaraq ailəsini dolandırır. 30 may 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixə kimi X11 tikintisində fəhlə işləyib. Onu işə "xxxx" MMC-nin müdiri Hafiz fəhlə kimi götürmüşdür. O, "xxxx" MMC-də işləyərkən orada layihə rəhbəri olan hazırda adını xatırlamadığı türk vətəndaşı ona demişdir ki, Gəncə şəhərində Mərkəzi Univermağın binasının üstünə əlavə mərtəbə artırılması ilə bağlı tikinti işləri aparılır və həmin tikinti işlərində fəhləyə ehtiyac var. Həmin türk vətəndaşı tanışı olan və Mərkəzi Univermaqda tikintidə briqadir işləyən türk vətəndaşı Orxanla danışaraq onu briqadir Orxanın yanına göndərmişdir. O, 10 sentyabr 2023-cü il tarixdə yaşadığı Daşkəsən rayonundan Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərində tikinti işləri aparılan Mərkəzi Univermağın binasına getmiş, və həmin tikintidə briqadir işləyən Orxanla görüşmüş və Orxan əmək müqaviləsi bağlanmadan onu günü 20 manat olmaqla 11 sentyabr 2023-cü il tarixdən gələrək işləməyə başlamağını demişdir. O, da 11 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi həmin Mərkəzi Univermağın üstünə mərtəbə artırılması işində fəhlə işləmiş, və 15 sentyabr 2023-cü il tarixdə Mərkəzi Univermağın üstündə aparılan tikinti işləri çökmüş, lakin o xəsarət almamışdır. Briqadir Orxan isə onun orada fəhlə işlədiyi 4 günün pulu olan 80 manat pulu verməmişdir. Briqadir Orxan həmçinin orada əmək müqaviləsi olmadan fəhlə işləyən Araz və Afıq adlı şəxslərin də əmək haqqını verməmişdir. X29 izahatında bildirmişdir ki, X4 yazdığı şikayət ərizəsi ilə tanış olmuş, X8 tanıyır. O, Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqda aparılan tikintidə mühəndis işləmiş, X8 Mərkəzi Univermaqda gedən tikintidə fəhlə işinə X12 gedən tikintidə işləyən Mətin adlı türk dostunun xahişinə əsasən günü 20 manat olmaqla fəhlə işinə o götürmüşdür. Babayev Arzu həmin tikintidə 11 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi günü 20 manat olmaqla fəhlə işləmişdir. O, işlətdiyi müddətdə Arzu ilə əmək müqaviləsi bağlamamış və Arzu 15 sentyabr 2023-cü il tarixdən sonra Bakı şəhərində günü 30-40 manata fəhləlik işi tapdığından orada işləməyə gedəcəyini dediyindən o, Arzuya işlədiyi günlərə görə alacağı 60 manat pulu 01 oktyabr 2023-cü il tarixdə gəlib tikintinin mühasibi Camaldan alacağını demişdir. 25 sentyabr 2023-cü il tarixdə Mərkəzi Univermağın üstündə aparılan tikinti çökdüyündən Mərkəzi Univermaq tikinti işlərini dayandırdığına görə X4 əmək haqqı verilməmişdir. Arzu Babayevi o, işlətməyinə baxmayaraq Arzu Babayevin əmək haqqını Mərkəzi Univermağın mühasibi Camal verəcəkdir. Arzu Babayevin 11 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi əmək müqaviləsi olmadan fəhlə işləməsindən Mərkəzi Univermağın mühasibi Camal və Mərkəzi Univermağın sahibinin köməkçisi olmaqla tikinti işlərinə nəzarət edən Rasim Qasımovun məlumatı olmuşdur. Afiq adlı şəxsi də tanıyır və Afiq də 11 sentyabr 2023-cü il tarixdə bir gün olmaqla həmin tikintidə günü 20 manata fəhlə işləmiş və əmək haqqı verilməmişdir. Afiqi də işə o, götürmüş və sonuncu bir gün işləyərək sonra işə gəlməmiş və işə gəlmədiyinə görə onun əmək haqqı verilməmiş və onun əmək haqqını da mühasib Camal verəcəkmiş. X23 izahatında bildirmişdir ki, X4 yazdığı şikayət ərizəsi ilə tanış olmuş, X8 tanıyır. O, Gəncə şəhərində yerləşən Mərkəzi Univermağın icraçı direktoru işləyir. X8 Mərkəzi Univermaqda gedən tikintidə fəhlə işinə iş icraçısı olan Türkiyə Respublikasının vətəndaşı X29 götürmüş və həmin tikintidə əmək müqaviləsi olmadan 11 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi işlətmişdir. İş icraçısı X20 X8 əmək müqaviləsi olmadan işə götürərək günü 20 manatdan işlətməsindən onun xəbəri olmuşdur. X4 verilməyən 60 manat əmək haqqını o, bu gün verəcəkdir. Həmçinin iş icraçısı X20 əmək müqaviləsi olmadan tikintidə 1 gün işlətdiyi fəhlələr Araz və Afiq adlı şəxslərin hər birinə 20 manat verilməli olan pulları da bu gün, yəni 07 oktyabr 2023-cü il tarixdə X9 verəcək və onların pulunu da Arzu özlərinə çatdıracaqdır. Mərkəzi Univermaq 2022-ci ilin iyul ayından fiziki şəxs kimi onun adınadır və Mərkəzi Univermağın icraçı direktoru odur. O, Mərkəzi Univermağı VÖEN əsasında sahibi Bədirbəyli Kəmalədən icarə müqavilə əsasında götürərək Univermaq ərazisində olan mağazaları icarə müqaviləsi əsasında fiziki şəxslərə icarəyə vermişdir. X18 isə ondan əvvəl Mərkəzi Univermağı icarə müqaviləsi əsasında icarəyə götürərək işlədən şəxsdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Mərkəzi Univermağın daşınmaz əmlakın istismara və kirayəyə verilməsi üzrə baş direktoru-vəzifəli şəxsi X23 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 03 aprel 1992ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 övladı olan, fərdi əməklə məşğul olan, Daşkəsən şəhəri, Nizami küçəsi, ev 20, mənzil 24də qeydiyyatda olmaqla yaşayan X8 Gəncə şəhərində Mərkəzi Univermaqda gedən tikintidə 11 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi fəhlə işinin (xidmətinin) yerinə yetirilməsinə cəlb etmişdir. Gəncə şəhər Mərkəzi Univermağın daşınmaz əmlakın istismara və kirayəyə verilməsi üzrə baş direktoru-vəzifəli şəxsi X23 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 03 aprel 1992-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 övladı olan, fərdi əməklə məşğul olan, Daşkəsən şəhəri, Nizami küçəsi, ev 20, mənzil 24-də qeydiyyatda olmaqla yaşayan X8 Gəncə şəhərində Mərkəzi Univermaqda gedən tikintidə 11 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi fəhlə işinin (xidmətinin) yerinə yetirilməsinə cəlb etməklə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edildiyindən toplanmış material üzrə Gəncə şəhərində yerləşən Mərkəzi Univermağın daşınmaz əmlakın istismara və kirayəyə verilməsi üzrə baş direktoru-vəzifəli şəxsi X14 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq aidiyyəti üzrə baxılması üçün X19 Xidmətinin Gəncə Regional şöbəsinə göndərilmişdir. Aparılmış araşdırma materialından görünür ki, X8 Gəncə şəhərində yerləşən Mərkəzi Univermağın 3-cü mərtəbəsinin tikilməsi ilə bağlı aparılan tikinti işlərində X29 ilə birlikdə həmin Mərkəzi Univermağın icraçı direktoru X23 da işlətmişdir. Belə ki, X4 ödənilməyən 60 manat əmək haqqını araşdırma zamanı X23 ödəmişdir. Bundan başqa X7 Babayev vasitəsilə həmin tikintidə bir gün fəhlə işləmiş Afiq adlı işçinin də 20 manat əmək haqqını ödəmişdir. Buradan da bir daha təsdiq olunur ki, Arzu X2 ilə eyni zamanda Camal Rəhimov da işlətmişdir. Həmçinin həmin tikintidə işlərin görülməsi ilə bağlı Camal X1 arasında podrat müqaviləsi olmadığından və ödənilməyən əmək haqqını Camal Rəhimov ödədiyindən X33 Rəhimov tərəfindən işlədilməsi öz təsdiqini tapmışdır. X14 Azərbaycan Respublikası İXMnin 192.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər öz təsdiqini tapmasına baxmayaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata X10 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2023-ci tarixli qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə olan halda X14 vəzifəli şəxs qismində barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X10 Gəncə- Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2023-ci tarixli qərarı ləğv edilməli və Camal Rəhimovun barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X21 protesti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X16 bildirmişdir ki, fərdi qaydada fəhləliklə məşğul olaraq ailəsini dolandırır. 30 may 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixə kimi X11 tikintisində fəhlə işləmişdir. O, "xxxx" MMC-də işləyərkən orada layihə rəhbəri olan hazırda adını xatırlamadığı türk vətəndaşı ona demişdi ki, Gəncə şəhərində Mərkəzi Univermağın binasının üstünə əlavə mərtəbə artırılması ilə bağlı tikinti işləri aparılır və həmin tikinti işlərində fəhləyə ehtiyac vardır. Həmin türk vətəndaşı tanışı olan və Mərkəzi Univermaqda tikintidə briqadir işləyən türk vətəndaşı X29 ilə danışaraq onu onun yanına göndərmişdir. O, 10 sentyabr 2023-cü il tarixdə yaşadığı Daşkəsən rayonundan Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərində tikinti işləri aparılan Mərkəzi Univermağın binasına getmiş və həmin tikintidə briqadir işləyən Orhanla görüşmüşdür. Orhan onu Mərkəzi Univermağın baş direktoru X14 yanına aparıb onun yanında tikintidə fəhlə işləyəcəyini bildirmişdir. Camal da Orhana demişdir ki, problem yoxdur, işlət əsas odur ki, iş getsin. X29 əmək müqaviləsi bağlanmadan onu günü 20 manat olmaqla 11 sentyabr 2023-cü il tarixdən işə başlamağı demişdir. O da 11 sentyabr 2023- cü il tarixdən 15 sentyabr 2023cü il tarixə kimi həmin Mərkəzi Univermağın üstünə mərtəbə artırılması işində fəhlə işləmiş və 15 sentyabr 2023-cü il tarixdə Mərkəzi Univermağın üstündə aparılan tikinti işləri çökmüşdür. Lakin o, xəsarət almamış, Briqadir Orhan isə onun orada fəhlə işlədiyi 4 günün pulu olan 80 manat pulu verməmişdir. Briqadir Orhan həmçinin orada əmək müqaviləsi olmadan fəhlə işləyən Araz və Afiq adlı şəxslərin də əmək haqqını verməmişdir. Briqadir Orhan demişdir ki, onun pulunu Camal verəcəkdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X17 ifadəsində bildimişdir ki, şikayətçi X4 şikayəti əsassızdır. Belə ki, X23 “Mərkəzi Univermaqda” kommersiya müdiri vəzifəsində işləmiş və onun işinin mahiyyəti Mərkəzi univermağın kommersiya fəaliyyətinin təşkili, kommersiya fəaliyyətinin səmərəliyinin artırılması, icarədarlardan icarə haqqının yığılmasının təşkili, maliyyə xərclərinin ödənilməsinin həyata keçirilməsi, maliyyə xərclərinə dair hesabatın hazırlanması və işə götürənə təqdim edilməsi olmuşdur. Göründüyü kimi X22 univermaqda kimisə işə götürmək, əmək müqaviləsi bağlamaq və ya əmək haqqı ödəmək kimi hüququ və vəzifəsi olmamışdır. Belə olan halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin qəbul etdiyi qərar tam qanunidir. O, əlavə olaraq qeyd etmişdir ki, işçilərin əmək haqqının verilməməsində günahı olan briqadir X29 məsuliyyətə cəlb olunmuş və inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında icraata xitam verilmiş şəxs X23 məhkəməyə “Mərkəzi Univermaqla” öz arasında olan əmək müqaviləsini təqdim etmiş və bildirmişdir ki, onun “Mərkəzi Univermaqda” hər hansı işçi işə götümək və əmək müqaviləsi bağlamaq və ya əmək haqqı ödəmək kimi hüququ olmamışdır. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş qərarı tam qanuni hesab edir və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında X14 nüamyəndəsi X3 Rəhimovun ifadəsindəki xüsusatları təsdiq edib, onun barəsində olan qərarın qanuni hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında qərarları, iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə protest əsassız olduğundan təmin edilməməli, X23 barəsində olan “inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X6 MN № ******* nömrəli 17 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. İXM-in 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; İXM-in 133.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən: İXM-in 133.2.9-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatda prokuror iştirak etdiyi hallarda onun rəyi dinlənilir. İXM-in 135.1 -ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: İXM-in 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; İXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; İXM-in 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1 və 134.1.1 və 134.1.2-ci maddələrinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması və bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Məhkəmə hesab edir ki, X23 ilə sahibkar X18 arasında bağlanmış əmək müqaviləsinin elektron bildirişindən görünür ki, onun vəzifəsi məşğulluq təsnifatı üzrə baş direktor olsa da, əmək müqaviləsi üzrə vəzifəsi kommersiya müdiridir. Əlavə olaraq, X14 əmək müqaviləsi məhkəməyə təqdim edilmiş, əmək müqaviləsində sadalanan əmək funksiyalarında X14 işçini işə cəlbetmə kimi bir səlahiyyəti aşkar edilməmişdir. Bu baxımdan verilmiş protest təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” MN № ******* nömrəli 17 noyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilməlidir. Qeyd edilənlərə əsaslanaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” MN № ******* nömrəli 17 noyabr 2023-cü il tarixli qərarından vermiş olduğu protesti təmin edilməsin. X23 barəsində olan “inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X6 MN № ******* nömrəli 17 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar