Məhkəmə qərarları › İş №3(125)-843/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-843/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-843/2025 25.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X3, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1964-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, A.Alı küçəsi, ev 45-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 5 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-3889/2018 nömrəli, 03 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün milli manata məzənnəsi tutularaq X2 ödənilməlidir. 06 iyul 2023-cü il tarixli qərarla icraata başlanılmış Kəlbəcər rayon Məhkəməsinin 2(040)- 277/2023 nömrəli, 13 aprel 2023-cü il tərixli icra sənədinə əsasən borclu Şəxs cəmi 8100 (səkkiz min yüz) manat məbləğində pul alınaraq X5 ödənilməlidir. Şəxs qeyd olunan icra sənədlərinin icrasından yayındığından Gəncə şəhər Məhkəməsinin 3(125).879/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibatı həbs edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs borcundan müəyyən ödənişlər etmişdir. Şəxs maddi imkanının zəif olması səbəb gətirərək icra sənədini tam yerinə getirməmişdir. Bununla da inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu bugünədək borcundan X5 1600 (min altı yüz) manat ödəniş etmişdir. Onun borcuna görə veteran pulundan 40 (qırx) manat pul tutularaq X2 ödənilir. Protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, usta işləyir, maddi vəziyyəti aşağıdır. Borcunun bir hissəsini ödəmişdir, geri qalan hissəni isə hər ayın 25-i 300 (üç yüz) manat məbləğində ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 izahatında bildirmişdir ki, Şəxs borcundan 2025-ci ilin fevral ayında 300 (üç yüz) manat ödəniş etmişdir. Borcundan hər ay 300 (üç yüz) manat ödəniş edildiyi halda tutulmasını istəmədiyini bildirmişdir. İş materiallarında olan: - Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(044)- 3889/2018 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs Alahverdi oğlundan 2700 (iki min yeddi yüz) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə alınaraq, iddiaçı X2 verilməlidir. - İcraata başlamaq haqqında qərardan görünür ki, xx.xx.2018-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - Kəlbəcər Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(040)-277/2023 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh Şəxs 8000 (səkkiz min) manat məbləğində pul və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun pul əvəzi alınaraq iddiaçı X5 verilməlidir. - xx.xx.2023-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildirişin borclu tərəfindən götürülməsi öz əksini tapmışdır. -Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs olunmuşdur. -Gəncə Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərarından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs olunmuşdur. - “Borclunun axtarılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, tərəflərin ifadələrindən görünür ki, Şəxs borcundan fevral ayında 300 (üç yüz) manat ödəniş etmiş və geri qalan məbləği hissə-hisə ödəyəcəyini bildirmişdir. Eyni zamanda onun borcundan hər ay 40 manat tutulmaqla digər zərərçəkmiş şəxs X2 ödənilir. Lakin bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin hərəkətlərində icra vərəqinin icrasında üzürsüz səbəbdən yayınmaya yönəlmiş hal mövcud deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən təbeh edildikdən sonra mütəmadi ödənişlər etmiş və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar