Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-847/2022 16.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Hərbi şəhərcik-84, ev 1(93), mənzil 21-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Ford Fusion” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, D.Qorqud küçəsi ilə hərəkətdə olub sola tərəf dönmə əməliyyatı aparan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə əsasən yol hərəkəti iştirakçıları yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməli, hərəkət zamanı diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, avtomobili sola döndərib qarşı sol hərəkət zolağına çıxarmazdan əvvəl qarşıdan əks istiqamətdə hərəkətdə olan avtomobilə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola döndərib qarşı əks hərəkət zolağına çıxararaq hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyib sola tərəf dönmə əməliyyatı aparan zaman D.Qorqud küçəsi ilə üzü mərkəz istiqamətində hərəkətdə olan sürücü, Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-21723" minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək həmin avtomobillə toqquşmuş, nəticədə VAZ-21723 markalı avtomobildə olan sürücü Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsinin qançırı və sol diz nahiyəsinin sıyrığı xəsarətləri ilə nəticələnən və dərəcəsi təyin edilməyən bədən xəsarəti almasına, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 isə burun sümüyünün yerdəyişməyən açıq sınığı, alın nahiyəsinin və sağ gözün üst qapağının əzilmiş yaraları xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almasına, “VAZ-21723" minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 5930 manat maddi ziyan vurmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2022-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X5 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 814 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun sümüyünün yerdəyişməyən açıq sınığı, alın nahiyəsinin və sağ gözün üst qapağının əzilmiş yaraları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 816 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ göz nahiyəsinin qançırı və sol diz nahiyəsinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermiş, həmin hadisə üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması haqqında qərar isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-847/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-847/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver